Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.
Aktual.az xəbər verir ki, tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev vəfat edib.
Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla hökumət nümayəndələri bu itki ilə əlaqədar olaraq nekroloq imzalayıblar.
Mərhumun cənazəsi vidalaşmaq üçün sabah, saat 13.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaq.
Qeyd edək ki, Azər Rzayev 1972–1988-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini tutub. 1995-ci ildən etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi nəzdində yaratdığı uşaq simfonik orkestrinə rəhbərlik edib.
Azərbaycan radio və televiziyasında uzun illər ərzində müxtəlif musiqi janrlarına dair silsilə verilişlərin aparıcısı olmuş Azər Rzayevin milli və klassik musiqinin təbliğində mühüm xidmətləri var.
Allah rəhmət eləsin!