Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Vüsal Mirzəyev (1995-ci il təv.), Kürdəmir rayon sakini Vüsal Qədiyev (1987-ci il təv.) və Lerik rayon sakini Nizami İsmayılov (1982-cı il təv.) CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla əlaqədar rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat yolu ilə müəyyən edilib ki, öldürülən oğlan Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirovdur.
Abşeron RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində növbəti gün şübhəli şəxs qismində Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov saxlanılıblar.
İstintaqla müəyyən edilib ki, Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov Xanlar Nadirovla birlikdə sentyabrın 6-ı saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yeyib-içiblər. Sərxoş olan tanışlar arasında mübahisə yaranıb və onlar dava etmək üçün
meşə massivinə gediblər. Orada təqsirləndirilən şəxslə əl və ayaq, həmçinin bıçaq zərbələri ilə X. Nadirovu qətlə yetiriblər və meyiti qoyaraq, hadisə yerindən qaçıblar.
Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza təyin edilməsini istəyib.
Məhkəmənin hökmü ilə V.Mirzəyəv və V.Qədiyev 18 il, N.İsmayılov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Xəbər 660 dəfə oxunub.