Azərbaycan 2016-cı ildə kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə, yəni bank hesablarından vəsaitlərin birbaşa silinməsinə keçəcək.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödənişlər sistemi və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.
Onun sözlərinə görə, 2016-cı ilin I rübündə Azərbaycanın milli ödəniş sisteminin yaradılması üzrə işlə başa çatacaq.
V.Qurbanlı əlavə edib ki, bu il bankın təqdim etdiyi avtomatlaşdırılmış iş yerləri yeni platformalara keçiriləcək: "Tənzimləyici nazirlik yanında mərkəzləşdirilmiş informasiya bazası yaradıb. Bəzi təhsil müəssisələrinə isə avtomatlaşdırılmış iş yerləri təqdim edib".
O diqqətə çatdırıb ki, hazırda Vergilər Nazirliyi ilə birlikdə "Expressbank" və "Kapital Bank" tərəfindən terminalların quraşdırılması üzrə plan hazırlanır, həmin terminalların köməkliyi ilə vergiləri ödəmək mümkün olacaq.