Qüdrət Həsənquliyev: "Prezidenti "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin yaradılması çox sevindirici haldır”
Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə açıqlamasını oxuculara təqdim edirik
- Qüdrət bəy, Azərbaycan Respublikasının Prezidenti "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi barədə dünən Fərman imzaladı.
Siz bir müddət öncə ya Nazirlər Kabineti, ya da Milli Məclis yanında "Qanunvericilik institutu”nun yaradılması təşəbbüsü ilə çıxış etmişdiniz. Fərman gözləntilərinizi doğrultdumu?
- Açıq söyləyim ki, Mərkəzin müstəqil publik hüquqi şəxs kimi yaradılması və mənim düşündüyümdən çox-çox geniş səlahiyyətlərə malik olması çox sevindirici haldır. Mərkəzin tərkibində işçi qrupların və məşvərətçi komitənin yaradılmasının nəzərdə tutulması olduqca mütərəqqi yanaşmadır. Azərbaycan ali təhsil müəssiələrinin tərkibində fəaliyyət göstərən hüquq fakültələrinin, xüsusilə BDU-nun, AMEA-nın imkanlarından geniş istifadə olunmalı, hüququn ayrı-ayrı sahələri üzrə tanınmış elm və təhsil işçiləri, hüququn tətbiqi ilə məşğul olan orqanların təmsilçiləri Nizamnamədə nəzərdə tutulan vəzifələrin həlli üçün səfərbər olunmalıdır. Ümid edirəm, Mərkəzin yaradılması, Nizamnaməsində qeyd olunduğu kimi həm də xalqımızın gözlədiyi islahatların hüquqi bazasının yaradılmasına ciddi töhfə verəcək. İnanıram ki, Mərkəz həm də Milli Məclislə ciddi əməkdaşlıq edəcək və daha keyfiyyətli qanunların qəbul olunmasına yardım göstərəcək.
Xəbər 1045 dəfə oxunub.