“Rəy” Monitorinq Mərkəzi Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə “exit poll” keçirməsi ilə bağlı bu gün mətbuat konfransı keçirib.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Mərkəzin direktoru Rizvan Abbasov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “exit poll” keçirməsi qaydaları barədə ətraflı məlumat verib.
R.Abbasov bildirib ki, “Rəy” Monitorinq Mərkəzinin “exit poll” keçirilməsi sahəsində geniş təcrübəsi var. Onun sözlərinə görə, Mərkəz bundan əvvəl prezident və parlament seçkilərində də “exit poll” keçirib.
R.Abbasov sonra qeyd edib ki, bu dəfəki seçkiərdə Mərkəz 10 seçki dairəsi üzrə 60 seçki məntəqədəsində “exit poll” keçirəcək.
R.Abbasovun sözlərinə görə, “exit poll” əsasən Bakı və Sumqayıt şəhərlərinin ərazisini əhatə edəcək.
Mərkəz rəhbəri deyib ki, “exit poll”un keçirilməsinə 100-dən artıq kadr cəlb ediləcək: "Kadrlar könüllülük prinsipləri əsasında fəaliyyət göstərir".
R.Abbasov əlavə edib ki, “exit poll”un nəticələri seçkilər başa çatdıqdan sonra açıqlanacaq.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 22-də keçirilən iclasında “Rəy” Monitorinq Mərkəzinin Milli Məclisə seçkilərdə “exit poll” keçirməsi ilə bağlı müraciətinə baxılıb və müsbət qərar verilib.