Selman Arslanbaş: “İstanbul Aydın Universiteti bir dünya universiteti olmaq yolunda sürətlə addımlayır”
Türkiyənin İstanbul Aydın Universitetinin(İAU) Beynəlxalq əlaqələr direktorunun müavini Selman Arslanbaş və universitetin beynəlxalq ofisinin kordinatoru Səbinə Hüseynova Azərbaycanda səfərdə olublar. İAU təmsilçiləri Bakıda keçirilən beynəlxalq təhsil sərgisində iştirak etmək üçün ölkəmizə gəliblər. Bakıya səfərləri çərçivəsində İstanbul Aydın Universitetinin Beynəlxalq əlaqələr direktorunun müavini Selman Arslanbaş Azərbaycanın bir sıra KİV təmsilçiləri görüşüb.
Görüşü giriş sözü ilə açan İstanbul Aydın Universitetinin magistrı, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri və Editor.az İnformasiya Portalının Baş redaktoru Fərid Şahbazlı universitet təmsilçilərini Azərbaycanda görməkdən məmnun olduqlarını bildirib. F.Şahbazlı magistr təhsili aldığı İAU-dakı yüksək şəffaf mühitindən, universitetin yüksək kadr potensialından, müasir tələblərə cavab verən maddi-texniki bazasından söz açıb:"Azərbaycanlı gənclərin də böyük maraq göstərdiyi İstanbul Aydın Universiteti sürətli inkişaf yolu götürüb. Universitetdə görülən bütün işlərin mərkəzində tələbələr və onların maraqları dayanır. Tam əminliklə demək olarki, İAU-nun Türkiyə təhsil sistemində özünəməxsus nüfuzu və gələcəkdə daha da inkişaf etmək üçün yüksək potensialı var".
Daha sonra çıxış edən İstanbul Aydın Universitetinin Beynəlxalq əlaqələr direktorunun müavini Selman Arslanbaş Azərbaycanda olmaqda böyük məmnunluq hissi keçirdiklərini qeyd edib. Direktor müavini bildirib ki, onların məqsədi Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin inkişafına təhsil sektorunda töhfə verməkdir: "Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir və yenilənir. Şübhəsiz ki, bu məqam özünü xaricdə təhsil almağa gedən gənclərin sayında da göstərir. Biz azərbaycanlı qardaşlarımızı özümüzdən ayrı görmürük. Onların qardaş Türkiyədə təhsil alaraq yüksək ixtisaslı kadr kimi yetişməsi bizim üçün çox əhəmiyyətlidir".
Daha sonra təmsil etdiyi İstanbul Aydın Universiteti haqqında məlumat verən Selman Arslanbaş deyib ki, İAU 32 mindən artıq tələbəsi ilə yarandığı ildən bəri, Türkiyənin ən çox seçilən vəqf universitetidir:
"Aydınlık Bir Gələcəyə" şüarıyla yola çıxan İstanbul Aydın Universitetinin tələbə və məzunlarına hazırda iş həyatının ən parlaq nöqtələrində rast gəlmək olar. Hazırda universitetimizdə üç minə yaxın xarici tələbə təhsil alır. İstanbul Aydın Universiteti ERASMUS və bir sıra digər proqramlar vasitəsilə xaricə tələbələr göndərir və xarici tələbələri qəbul edir. Universitetimiz yüksək texnologiya ilə təchiz edilmiş xarici dil, qida və kompüter laboratoriyaları ilə fərqlənir. Bu mənada Türkiyənin ən böyük "Technocenter"nın da İstanbul Aydın Universitetində olması təsadüf deyil.
İstanbul Aydın Universitetinin Avropa Komissiyası (AKTS) və bir sıra digər nüfuzlu beynəlxalq qurumlardan aldığı sertifikatlar tələbələrimizə Avropanın qapılarını sonuna qədər açır. Bu "bir dünya universiteti" olmaq yolunda atdığımız addımlardan yalnız biridir. Əsas məqsədimiz 2020-ci ildə dünyanın ən yaxşı 500 universiteti sırasında yer almaqdır".
Direktor müavini bildirib ki, İstanbul Aydın Universiteti tələbələrini elə təhsil zamanında iş həyatına hazırlamaq, onlara universitetə bağlı qurumlarda iş verməklə iş axtarışlarında bir problem kimi ortaya çıxan "təcrübəsizlik" amilini ortadan qaldırır: "Universitetimizin prinsipi olan “ömür boyu təhsil” anlayışı tələbələrimizi məzuniyyət sonrasında da dəstəkləyir. Fasiləsiz xidmət verən karyera mərkəzimiz ilə məzunlarımızın karyera planlamasınına yardım edərək, bir çoxunun işə yerləşdirilməsi üçün çalışırıq. Bundan başqa İAU tələbələrin asudə vaxtının səmərəli təşkili üçün də faəaliyyət göstərir. Bu istiqamətdə öz sahələrində brend olan simaların iştirakı ilə müxtəlif əyləncəli proqramlar, seminar, konfrans və digər tədbirlər reallaşdırırıq".
Selman Arslanbaş onu da qeyd edib ki, İAU bütün xarici tələbələrə, o cümlədən Azərbaycandan olan gənclərə 50 faizədək təqaüd imkanı tanıyaraq olduqca uyğun şərtlərlə Türkiyənin və dünyanın ən sürətlə inkişaf edən universitetlərindən olan İstanbul Aydın Universitetində təhsil almaq şansı verir.
Görüş İAU təmsilçiləri ilə jurnalistlərin müxtəlif mövzular ətrafında müzakirəsi ilə davam edib.