Mən... sənə Tanrının əmanətiyəm

Mən...  sənə Tanrının əmanətiyəm

Bu gün həmkarımız Elçin Mirzəbəylinin ad günüdür.

E. Mirzəbəyli Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Tərəqqi” medalı, TÜRKSOY-un Mətbuat Şərəf Mükafatı və Ali Media Mükafatı ilə təltif olunub.

 Elçin Mirzəbəylini təbrik edir, yaradıcılıq uğurları arzulayırıq. Qələminiz iti, qəlbiniz duyğulu olsun!

Aktual.az Elçinin şeirlərini təqdim edir:

Qorxma, at...

İçimə yıxıldım hər vurduğunda...
Dedilər...
Fələyin silləsi çatmır.
Ya Rəbb, sən saldığın pilləkənlərin
Nədənsə...
Sonuncu pilləsi çatmır.

Verdiyin dünyadı...
Evdi, eşikdi...
Bu nə dar qəbirdi, nə dar beşikdi?
Ürəyim onsuz da dəlik-deşikdi
Qorxma, at, alnımın gülləsi çatmır...


Qayıtmayasan...


Yolunu azasan...
baxışlarından
Keçəsən…
Keçəsən….
Qayıtmayasan…
Ovcuna süzülən göz yaşlarından
içəsən…
içəsən…
Qayıtmayasan.

Biz kimik?
Dünyaya gələndən bəri
Yolsuz sevdaların sərnişinləri...
Bu andan o yana…
Bütün günləri
Biçəsən…
Biçəsən…
Qayıtmayasan.

Durub köç edəsən öz acığına…
Dərin sevdaların alaçığına…
Bir eşq yuvasına…
Yuvacığına
Köçəsən…
Köçəsən…
Qayıtmayasan…

Səndən son istəyim...
Bir albom hazırla fotolarından
İçində göz yaşı olmasın,
amma...
Nə ağrı, nə açı, nə dərd, nə əzab,
Nə də məzardaşı olmasın,
amma...

Çiçəklər içində, güllər içində
Çiçək gülüşünün şəklini çəkdir.
Çəkdir əllərinin hərarətini,
Titrək öpüşünün şəkilini çəkdir...

Çələng hör sevdalı baxışlarından
Saçının telinə düz, mənə göndər.
Bu dəli sevdanın eşq şərbətini
Buta badəsinə süz, mənə göndər.

İçinlə, ruhunla, baxışlarınla,
Qəlbinlə təmasda şəklini çəkdir.
Təpədən-dırnağa bürün sevgimə,
Sonra...
Bu libasda şəklini çəkdir.

Astaca pıçılda sevirəm sözün –
Sonra çək... səsinin şəklini göndər...
Mənə saçlarının ətrini yolla,
Mənə nəfəsinin şəklini göndər...


***

Nə su saxlar, nə mey tutar...
Yoxuşdu, cam yeri deyil.
Dörd yanından külək tutar -
Bu məbəd şam yeri deyil.
Ya ev qurdun, ya alaçıq,
Ya qala tik, ya qalacıq...
Bu dünya bir üstüaçıq
Məzardı, dam yeri deyil.
Milyon kərə baxıb gedək,
Söküb gedək, yıxıb gedək…
Ver əlini…
çıxıb gedək
Bura adam yeri deyil...

***

Mən sənin hər gecə xəyallarında
Tapıb itirdiyin adamam, qadın…
Göz yaşı içində…
Dualarınla
Yerə gətirdiyin adamam, qadın.
…Hər gün baxışımla açılsın səhər
Ensin gözlərinə şüa yerinə…
Mən...
sənə Tanrının əmanətiyəm
Al...
Oxu hər gecə dua yerinə...

Xəbər 1664 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR