Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Saraxanım Süleyman qızı Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmə azadlıqda olan Saraxanım Babayeva barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbs olunub.
İstintaq yolu ilə müəyyən edilib ki, Saraxanım Babayeva özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib və onları aldadıb. O, Turanə Məmmədli adlı vətəndaşa evlərində baş verəcək faciənin qarşısını alacağını vəd edərək sonuncunun 1500 manat pulunu mənimsəyib. Gələcəkdə evləri söküləndə T.Məmmədliyə böyük məbləğdə pul veriləcəyinə inandıraraq onu öz yaşadığı evə qeydiyyata saldırmaq adı ilə daha 5500 manat pulunu alıb.
Bundan başqa S.Babayeva xeyriyyə tədbirlərinin birində tanış olduğu Təranə Mərdanovaya böyük məmurlarla əlaqasinin, yüksək vəzifəli şəxslərlə tanış olduğunu deyərək onu nüfuzlu dövlət qurumlarının birində şöbə müdiri vəzifəsinə işə düzəldəcəyinə söz verib. T.Mərdanovanı aldadaraq 25 min manat pulunu və külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib.
Törətdiyi cinayət əməlinə görə S.Babayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Əvvəllər də dələduzluğa görə həbsdə yatmış S.Babayeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Saraxanım Babayeva ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində uzun illər baxıcılıqla məşğul olduğunu göstərib.
/ Aktual.az