Son illər gənclər arasında diplomatik fəaliyyətə maraq artıb.
Aktual.az bu məqalədə diplomatik fəaliyyətlə məşğul olan, ölkəmizi müxtəlif dövlət və beynəlxalq təşkilatlarda təmsil edən məmur övladlarından bəhs edəcək.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Emin Yaqubov Azərbaycanın Avropa Şurası yanında diplomatik missiyasına rəhbərlik edir. Gənc olmasına baxmayaraq, beş ilə yaxındır diplomatik fəaliyyətdə olan E.Yaqubovun atası 12 ildir baş nazirin müavinidir.
Baş nazirin digər müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva da diplomatdır. YUNESKO üzrə Azərbaycan Milli Komitəsinin birinci katibi olan xanım diplomat paralel olaraq Türk Mədəniyyəti və İrsi Fonduna da rəhbərlik edir. Bakıda doğulan və uşaqlıqdan mədəniyyət və incəsənət mühitində böyüyən Günay Əfəndiyeva ixtisasca həkimdir. 4 il Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışan G.Əfəndiyevanın atası kimi, ədəbiyyata marağı böyükdür.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da məmur oğludur. Onun atası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovdur. 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində işçi kimi çalışan P.Şahbazov sonradan yerini Xarici İşlər Nazirliyinə dəyişib. 2005-ci ildə yenidən Almaniyaya qayıdan Pərviz Şahbazov artıq səfir kimi fəaliyyətə başlayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin oğlu Tural Rzayev Azərbaycanın Küveytdəki səfiridir. Əmək fəaliyyətinə jurnalist kimi başlayan T.Rzayev “Azərtac”da müxbir işləyib və altı ildir diplomatik fəaliyyətdədir. Beş ildir Azərbaycanı Küveytdə səfir kimi təmsil edir.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Nəqliyyat naziri Ziya Məmmədov və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin övladları diplomatik korpuslarda çalışmasalar da, diaspor fəaliyyəti ilə ökəmizi xaricdə təmsil edirlər.
Belə ki, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov Avropa-Azərbaycan Cəmiyyətinin, Ziya Məmmədovun oğlu Anar Məmmədov Amerika-Azərbaycan Cəmiyyətinin, Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev isə Türkiyədə “AzerDar” təşkilatının sədridir.
Adnan/Aktual.az