Məmmədyarov ATƏT qarşısında şərt qoydu

Məmmədyarov ATƏT qarşısında şərt qoydu

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədrinin müavinləri Georgi Sereteli və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın və digər rəsmilərin daxil olduğu nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Aktul.Az-a verilən məlumata görə, görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin yolları müzakirə edilib, tərəflər arasında konstruktiv dialoq və anlaşma ruhunda yeni mərhələdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb, münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd olunub.

E. Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar bütün beynəlxalq təşkilatların töhfəsinin və rolunun təqdir edildiyini bildirib. O, ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırıb.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud “status-kvo”nun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. E. Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən E. Məmmədyarov ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

ATƏT Parlament Assambleyasının sədri İ. Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edən G. Sereteli 2014-cü ildə ATƏT PA-nın Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb və Azərbaycanın fəal surətdə ATƏT PA-nın işinə töhfə verdiyini qeyd edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aktul.Az

Xəbər 538 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR