“Davamlı İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblilərin ekoloji klublarının yaradılması” layihəsini uğurla başa çatdırır.
Bakı və Gəncə şəhərlərində icra olunan layihənin əsas məqsədi ətraf mühitin qorunmasında məktəblilərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq idi.
İlkin mərhələdə adları çəkilən şəhərlərdə məktəblilər arasında ekoloji maarifçilik işini yüksəltmək məqsədilə silsilə təlimlər keçirilmiş, məktəblilərin iştirakı ilə ekoloji divar qəzetləri hazırlanmışdır.
Növbəti mərhələdə isə məktəblilərin iştirakı ilə ekoloji klublar yaradılmış, onların fəaliyyət istiqamətləri və iş prinsipləri müəyyənləşdirilmişdir. Klublara üzv olan məktəblilər üçün təlimlər və digər praktik tədbirlər təşkil olunmuşdur. Klub üzvlərinin tanınmış ekoloqlarla görüşləri keçirilmiş, məktəbliləri maraqlandıran məsələlər ətrafında fikir mübadilələri təşkil olunmuşdur.
Layihənin sonuncu mərhələsində isə məktəblilərin iştirakı ilə ekoloji aksiyalar təşkil olunmuşdur. Məktəblilərin ekoloji bilik və bacarıqlarının yoxlanılması üçün müxtəlif müsabiqələr də keçirilmişdir.
Birliyin mətbuat xidmətindən bildirilmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri ekoloji problemlərin də operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratmışdır. Ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə göstərilən diqqət və qayğı, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ekoloji vəziyyət getdikcə yaxşılaşmaqdadır. Ölkəmizdə yürüdülən ekoloji siyasətin məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Biz də dövlətin həyata keçirdiyi bu siyasətə dəstək verməklə, ekologiyamızın qorunmasına xüsusi həssaslıq nümayiş etdirməliyik. Buna görə də məktəb yaşlarından uşaq və yeniyetmələrimizin ekoloji təfəkkürünü artırmaq, onların ətraf mühitə münasibətdə xüsusi nümunə göstərmələrini təmin etmək niyyətindəyik.