Ağcabədi rayon sakini Quliyeva Ülkər Ələmdar qızının intihar hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, sözü gedən rayon prokurorluğunun müstəntiqi Asim Yusifov açıqlamasında bildirib ki, Ü.Quliyeva aprelin 28-də dərsdən gəlib və yaşadığı evin həyətindəki bağda özünü asıb: “Hadisə saat 13:00 radələrində baş verib. 11-ci sinif şagirdidir. Onun özünü nəyə görə öldürməsi ilə bağlı konkret səbəb yoxdur. Nə ailə, nə məişət, nə də məktəbdə elə bir əsaslı səbəb aşkarlanmayıb. Müəllimlər deyir ki, Ülkər nümunəvi şagird olub, dərslərini yaxşı oxuyur və ali məktəbə hazırlaşırmış”.
A.Yusifov qeyd edib ki, mərhumun müəllimlərinin dediyinə görə, aprelin 28-də məktəbdə heç bir hadisə baş verməyib. A.Yusifov əlavə edib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayonun Şahsevən Təzəkənd kənd sakini, 1999-cu il təvəllüdlü Quliyeva Ülkər Ələmdar qızı özünü yaşadığı evin həyətindəki bağda ağacdan asıb.