Məktəb direktorunun inanılmaz sərgüzəştləri – Müəllimlər etiraza qalxır

Məktəb direktorunun inanılmaz sərgüzəştləri   – Müəllimlər etiraza qalxır

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 196 nömrəli məktəbdəki korrupsiya halları və özbaşınalıqlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, məlumatlarda yeni təyin olunan direktorun məktəbdə özbaşına təyinatlar apardığı, müəllimlərdən məcburi pul aldığı iddia olunur.

Bildirilir ki, 1985-ci il təvəllüdlü direktor Sevinc Mehdiyeva 196 nömrəli məktəbə yeni təyin olunub və o, direktor postuna gələn kimi məktəbin Uşaq Birliyinin rəhbəri Firəngiz Kazımovanı heç bir səbəb göstərmədən - “səndən xoşum gəlmir” deyib işdən çıxarıb.

Xanım direktor az sonra təsərrüfat işləri üzrə müavin Ülkər Zeynalovanı da işdən qovub. O, Ü.Zeynalovanın işinə bülletendə olduğu bir vaxtda xitam verib. Təsərrüfat işlər üzrə müavin postuna isə öz atası Əlisəfa Hüseynovu “təyin edib”. Direktor atasının vəzifəsini rəsmiləşdirə bilməsə də, faktiki olaraq o, həmin vəzifəni icra edir.

Yeri gəlmişkən, Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsinə görə, yaxın qohumların birgə işləməsinə yol verilməməsi, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Digər iddiaya görə, direktor tədris ili başlayan kimi dərs yükü çox olan müəllimlərdən 200 manat pul tələb edib. Direktor müəllimlər günündə də hər kəsə onu “görmələrini” tapşırıb və müəllimlərin hər birindən 50 manat pul alıb.


Bilidirilir ki, S.Mehdiyevanın əsas gəlir mənbəyi HBƏT dərsləridir. Belə ki, direktor bu dərslərə ayrılan vəsaiti ayrı-ayrı müəllimlərin adına yazdırır, amma maaş vaxtı o pulları geri alır. Onu da bildirək ki, bu dərsin hər saatı üçün təxminən 16 manat pul ayrılır.

Direktorun başqa gəlir mənbəyi də var. 30 yaşlı direktor məktəb işçilərini ağır maddəylə işdən çıxarır, daha sonra pul və ya başqa qarşılıq müqabilində onun əmrini və ya əmək kitabçasını yenisiylə əvəzləyir.
İşdən çıxarılan Uşaq Birliyinin rəhbəri F.Kazımovaya qarşı da eyni hərəkət olub. Belə ki, F.Kazımova Əmək Məcəlləsinin ağır maddələrindən biri hesab olun 70-ci maddənin “Ç” bəndiylə işdən azad edilib. Sonradan onun əmək kitabçası dəyişdirilib və işdən çıxarılma səbəbi başqa bir maddəylə əvəzlənib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə də məlumat verilib. Lakin nazirlik məsələnin üzərindən keçib və bununla bağlı heç bir tədbir görülməyib.
Halbuki nazirlik direktorun bu əməlini müəllimənin əmək kitabçası və məktəbin qeydiyyat kitabçasını yoxlamaqla çox asanlıqla sübut edə bilərdi. Müəllimənin əmək kitabçasındakı maddə dəyişdirilə bilsə də, məktəbin qeydiyyat kitabında yazılanları dəyişdirmək mümkün deyil.

Müraciətdə qeyd olunur ki, direktorun bu əməlləriylə bağlı məktəb kollektivi dəfələrlə Təhsil Nazirliyinin “qaynar xətt”inə müraciət edib, nazirlikdə və Bakı Şəhər Təhsil İdarəsində olublar. Lakin buna baxmayaraq ki, direktorun özbaşınalıqlarına son qoyulmayıb.

Məktəb kollektivinin direktorun əməlləri ilə bağlı bu günlərdə yenidən nazirə müraciət edəcəyi də verilən məlumatlar sırasındadır.

Sözügedən işçilərin işdən çıxarılması ilə bağlı məktəblə əlaqə saxladıq. Direktorun özü ilə danışmağa müvəffəq olmasaq da, suallarımızı direktorun müavini Aidə Cəfərova cavablandırdı. O, yalnız Firəngiz Kazımovanı və Ülkər Zeynalovanın vəzifələrindən azad edildiyini təsdiqlədi. Direktor Sevinc Mehdiyeva və onun atası Əlisəfa Hüseynovun isə işdə olmadığını bildirdi.

Direktorun qanunsuz əməlləri ilə bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzNews.az-a açıqlamasında bildirdi ki, direktorun hansısa müəllimi işdən çıxarmaq kimi səlahiyyəti yoxdur: “Bu yalnız mərkəzləşmiş şəkildə, daha yüksək instansiyalar tərəfindən həyata keçirilir. Ona görə də düşünürəm ki, verilən məlumatlar həqiqəti əks etdirmir”.
“Direktor müəllim barədə ağır maddəylə nazirliyə təqdimat verərsə, onun işdən çıxarılması reallaşdırıla bilməzmi” sualına isə C.Valehov belə cavab verdi: “Hər bir halda nazirliyə şikayət, yaxud təqdimat gəlirsə, o araşdırılır. Daha sonra qərar verilir”.
Nazirlik rəsmisi bildirdi ki, əgər müəllimlərin konkret olaraq şikayətləri varsa, nazirliyə müraciət etsinlər: “Ya bizə, ya da Bakı Şəhər Təhsil İdarəsinə yazsınlar, müraciət etsinlər”

Məlumat üçün bildirək ki, S.Mehdiyeva bundan əvvəl Suraxanı rayonunda yerləşən 327 saylı məktəbdə direktor olub. Müəllimlərin və məktəb kollektivinin onun işindən narazılığı direktorun işi ilə vidalaşmasına səbəb olub.

Xəbər 1207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR