Quba rayonunda məktəb direktorunun evi yandırılıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qırız Dəhnə kəndində baş verib.
Belə ki, həmin kəndin orta məktəbinin direktoru Xəlil Sərkərova məxsus ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də, ev sıradan çıxıb.
İlkin ehtimala görə, ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanıb.
Ev sahibi isə hadisənin qəsdən törədildiyini iddia edir. O, bu fikrini evdən çıxarkən bütün işıq və qaz naqillərini cərəyandan ayırması ilə əsaslandırıb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.
Hadisə yerinə gələn Quba Rayon Polis Şöbəsinin əməkdaşları da evin qəsdən yandırılması ehtimalını bildiriblər.
Yanğının səbəbi araşdırılır.
Xəbər 558 dəfə oxunub.