Məktəb direktoru olmaq istəyənlər üçün yeni tələb

Məktəb direktoru olmaq istəyənlər üçün   yeni tələb

"Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Qafqaz Universitetinin məktəb direktoru olmaq istəyənlər üçün təşkil etdiyi təlim kurslarına elan əsasında azı 5 il pedaqoji iş stajı olan və eyni zamanda ali pedaqoji təhsilli şəxslər müraciət edə bilərlər ”.

Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, bunu Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin sektor müdiri Avaz Yusifov deyib.

A. Yusifovun sözlərinə görə, onlar təklif olunan müvafiq testləri uğurla icra etdikdən sonra müsahibəyə dəvət olunacaq və müsahibənin nəticələrinə görə müdavimlərin siyahısı müəyyənləşdiriləcək: “Həmin müdavimlər üç ay təlim kurslarında iştirak etdikdən sonra yenidən test imtahanları verəcəklər. Sonra Bakı Şəhəri Üzrə Təhsil İdarəsi, daha sonra Təhsil Nazirliyində müsahibədən uğurla keçməklə məktəb direktoru üzrə vakant vəzifəyə təyin olunma hüququ əldə edəcəklər”.

“Müsabiqənin şərtlərinə görə, direktor üzrə vakant yerlərə təyin olunmaq üçün müsabiqədə təklif olunan 80 test sualına cavab verilməlidir” deyən sektor müdiri bildirib ki, suallar üç bloka bölünür. Biri təhsil qanunvericiliyi, ikinci statistika, üçüncü maliyyə məsələləri ilə bağlı olacaq.

A.Yusifov deyib ki, təhsil qanunvericiliyi ilə bağlı blok 40 balla, qalan iki blok üzrə qiymətləndirmə 20 balla həyata keçiriləcək: "Bundan sonra pedaqoji mövzuda inşa yazı təklif olunacaq. İnşa yazı mövzusunun əhatə olunması 8 bal, orfoqrafiya qaydalarının düzgün əməl edilməsi 4 bal, mövzunun əsas ideyası və ona dəstək, yəni inşanın strukturu 4 bal, Azərbaycan dilindən düzgün istifadə və lüğət ehtiyatı da 4 balla qiymətləndiriləcək. Ümumilikdə 60 bal toplamış müsabiqə iştirakçısı vəzifəyə təyin olunmaq hüququ qazanır”.
Xatırladaq ki, Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib.
Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edəcək təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdən ibarətdir.

Xəbər 714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR