Səudiyyə Ərəbistanı xəstəxanasındakı mənbə ölü sayının mindən çox olduğunu iddia edib.
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yüzlərlə zəvvarın ölümü ilə nəticələnən faciədə ölü sayı növbəti dəfə çoxalıb. ANS PRESS-in “əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi ən son verdiyi açıqlamada Minada izdiham faciəsində ölənlərin sayının 769 olduğunu bildirib.
Səudiyyə Ərəbistanı xəstəxanasındakı mənbə isə “əl-Cəzirə”yə verdiyi məlumatda ölü sayının mindən çox olduğunu iddia edib. Adının məxfi qalmasını istəyən mənbə cüməaxşamı günü baş vermiş faciədə ölü sayının ən azı 1 184 olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanının baş müftisi şeyx Əbdüləziz baş verəcəklərin qarşısını almağın mümkün olmayacağını bildirib. Müfti həmçinin daxili işlər naziri və vəliəhd şahzadə Muhamməd bin Naifə bunun tale olduğunu, baş verənlərə görə məsuliyyət daşımadıqlarını deyib.
İki gün əvvəl Səudiyyə Ərəbistanının Məkkə şəhərində 753 zəvvarın ölümü, 887 nəfərin isə xəsarət alması ilə nəticələnən faciə baş verib. Qəza Mina çölündə yaranan izdiham nəticəsində baş verib.
Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləziz Mina faciəsinin araşdırılması üçün xüsusi göstəriş verib.
Livanda nəşr olunan qəzetlərdən biri hadisə günü kral Abduləzizin oğlu korteci ilə birlikdə şeytan daşlamağa getdiyindən yolların bağlandığını, faciənin də bu səbəbdən baş verdiyini iddia etmişdi.
// Aktual.az