Şəriət məhkəməsi bu siyahıda yer alan adların edamına qərar verib.
Məkkədə 750-dən artıq zəvvarın ölümünə, 1000-ə yaxın insanın yaralanmasına səbəb olan izdihama görə 28 nəfər edam olunacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Livanda nəşr olunan qəzetlərdən biri yazıb. Livanda nəşr olunan "əl-Diyar" qəzeti bildirir ki, Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd bin Salmanın kortejinin Mina dağına getməsi ilə əlaqədar digər hacıların hərəkət istiqamətinin təcili olaraq dəyişdirilməsi üzündən yüzlərlə hacı bir-birinin üzərinə yıxılıb və onların çoxu dünyasını dəyişib.
"əl-Diyar" qəzeti yazır ki, Səudiyyənin müdafiə naziri olan vəliəhdin xidmətçi və müdafiəçiləri ilə birgə hərəkət etdiyi silahlı kortejin Minanın mərkəzində olması üzündən Mina dağında 1000-dən çox hacı ölüb.
Məhəmməd bin Salman - Səudiyyə Ərəbistanı kralının oğlu
Qəzet belə yazır: "Ərəbistan rəsmiləri yüzlərlə hacının ölümünə və 800-dən çox insanın yaralanmasına səbəb olan vəliəhd karvanının Minada olmasını gizlətməyə çalışır. Həqiqət budur ki, hacıların Minada toplandığı vaxtda Məhəmməd bin Salman bu mərasimdə iştirak etməyə qərar verib. 200 əsgər və 150 polisin müşayiəti ilə Minaya girib. Bu anda hacıların hərəkət istiqaməti dəyişib, hətta ilk hərəkət istiqamətinin əksinə bir axın başlayıb.
Bundan sonra izdiham sürətli şəkildə artıb. Faciə də elə bu an meydana gəlib. Məhəmməd bin Salman iştiraka son verib geri dönsə də, faciənin miqyası daha da böyüyüb. Hacılar bir-birilərini itələyərək yerə yıxılıblar. Yerə yıxılanlar digər zəvvarların ayaqları altında qalaraq əzilib və nəfəs ala bilmədikləri üçün həyatlarını itiriblər. Bu izdihamda ölən hacıların sayı surətlə artıb. Yüzlərlə hacı isə yaralanıb".
Yaralıların tibbi yardımın göstərilməsi
Kral bu xəbərin yayımlanmasını qadağan edib və başqalarının edamına qərar verib. "əl-Diyar" qəzeti yazır ki, kral Salmanın yüzlərlə hacının ölümünə səbəb olan Həcc mərasimi məsullarından ibarət siyahı hazırlayıb. Bu gün bu hadisəyə görə saxlanılan 28 nəfər edam ediləcək.
Qəzetin xəbərinə görə, Ərəbistanının şəriət məhkəməsi bu siyahıda yer alan adların edamına qərar verib. Həmçinin Səudiyyə daxili işlər naziri bu şəxslərin hacıların gözü qarşısında edam ediləcəyini və bunun gələcək illərdə bir daha belə bir faciə baş verməməsi üçün ediləcəyini açıqlayıb.
"əl-Diyar" qəzetində yayımlanan xəbərin digər bir hissəsində İranın etirazına yer verilib. Faciədə 120 vətəndaşını itirən İran Səudiyyə səfirini Xarici İşlər Nazirliyinə çağıraraq ondan izahat istəyib.
"əl-Diyar" qəzeti bu sualla xəbərini tamamlayır: "Səudiyyə kralı oğlunun karvanının Minada olmasını açıqlamağa cəsarət edəcək, yoxsa bu həqiqəti gizlədəcək? Bu hadisəyə səbəb olan şəxs Məhəmməd bin Salmandır. Amma onun yerinə 28 nəfər edam ediləcək" (islamazeri.az).
Məkkədə Şeytana daş atma mərasimi
Həcc dövründə baş vermiş ən böyük insidentlər:
1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.
1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.
1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.
1998-ci il – izdihamda 118 zəvvar ölüb.
2001-ci il izdihamda 35 zəvvar ölüb.
2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.
2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.
// Aktual.az