"Son beş ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlərin dinamikasında ciddi azalma müşahidə edilir".
Aktual.az report-a istinadən bildirir ki, bunu daxili işlər nazirinin müavini Oruc Zalov "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda keçirilən konfransda deyib.
Nazir müavini bildirib ki, 2011-ci ildə Azərbaycanda məişət zəminində 2839 cinayət qeydə alınıb. Onun sözlərinə görə, "2015-ci ildə isə belə cinayətlərin sayı 2,2 dəfə azalararq 1283-ə enib".
O.Zalov qeyd edib ki, qadınlara qarşı zorakı cinayətlərin sayı son 5 ildə 45 faiz azalıb: "Məişət zorakılığının qarşısının alınması Daxili İşlər Nazirliyinin əsas vəzifələrindən biridir və sistemli şəkildə həyata keçirilir. Nazirliyin 4 min nəfərə yaxın əməkdaşı bu sahədə kurslar keçib. DİN-in qurumlarında məkşət zorakılığı ilə bağlı müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Hər bir müraciət nəzarətə götürülür və təmin edilir. DİN bu istiqamətdə hüquq mühafizə orqanları, dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə birgə işlər aparır".