Malayziyada malay dilində nəşr olunan “Mingguan Malaysia” (“Həftəlik Malayziya”) qəzetinin növbəti nömrəsində “Azərbaycanın birinci xanımının mədəniyyətə və incəsənətə verdiyi töhfələr” adlı məqalə dərc olunub.
Aktual.az AzərTac-a istinadən xəbər verir ki, qəzetin mədəniyyət və incəsənət bölməsində yerləşdirilən məqalədə teatr sənətinin cəmiyyətin mədəni inkişafında böyük rol oynadığı qeyd olunur, Azərbaycanda incəsənət sahəsində görülən işlərdən danışılır. Kiçik bir ölkədə 30-a yaxın teatrın, o cümlədən dünyaca məşhur M.F.Axundov adına Opera və Balet Teatrının fəaliyyət göstərdiyi, bu teatrın səhnəsində görkəmli bəstəkarlardan Qara Qarayev, Arif Məlikov və digərlərinin əsərlərinin səhnələşdirildiyi, həmçinin martın 10-nun Azərbaycanda Milli Teatr Günü elan olunduğu bildirilir.
Məqalədə qeyd edilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən mədəni irsin qorunması istiqamətində böyük işlər həyata keçirilir. Oxucuların diqqətinə çatdırılır ki, Mehriban Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradılıb. 1996-cı ildə isə Heydər Əliyev Fondunun prezidenti Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. Hazırda Mehriban Əliyeva 2004-cü ildə təsis olunmuş Heydər Əliyev Fonduna rəhbərlik edir. Bu Fond tərəfindən çoxsaylı humanitar layihələrin və xeyriyyəçilik tədbirlərinin həyata keçirildiyi, Fransadakı Luvr Muzeyinin, Versal Sarayının, Strasburq Kafedralının bərpa olunduğu qeyd edilir.
Məqalədə Azərbaycanın birinci xanımının çoxşaxəli və genişmiqyaslı fəaliyyətinə görə 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü diqqətə çatdırılır.
Bundan əlavə, Heydər Əliyev Fondunun prezidentinin 2005-ci ildə “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni, 2010-cu ildə UNESCO-nun “Qızıl Motsart” medalı ilə təltif olunduğu bildirilir.