Mehriban Əliyeva: “Digər ölkənin torpaqlarına iddiamız yoxdur”

Mehriban Əliyeva: “Digər ölkənin torpaqlarına iddiamız yoxdur”

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Aktual.az-ın APA-ya istinadən məlumatına görə, Fransa Senatının üzvlərini Bakıda görməkdən məmnun olduğunu bildirən M. Əliyeva nümayəndə heyətinin bu səfərinin Azərbaycan-Fransa əməkdaşlığının daha da möhkəmlənməsinə, xüsusilə də parlamentlərarası əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

M. Əliyeva ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əməkdaşlığın olduğunu, əlaqələrin yaxşı templərlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, əməkdaşlığın yüksək səviyyəyə çatmasında Fransa Senatının üzvlərinin, həmçinin Azərbaycanın Fransadakı dostlarının və Fransa- Azərbaycan dostluq qrupunun üzvlərinin əməyi böyükdür. Dostluq qrupunun əsas məqsədi Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.

“Şadam ki, birgə fəaliyyətimiz nəticəsində son illər bir çox uğurlara nail olmuşuq. Bu illər ərzində Fransa və Azərbaycanın 12 regionu və şəhəri arasında qardaşlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb” deyən M. Əliyeva ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Fransa Universitetinin açılışının nəzərdə tutulduğunu da qonaqların diqqətinə çatdırıb.

Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu, bu il də belə tədbirlərin keçiriləcəyini bildirərək, bütün bunların ölkəmizin daha yaxşı tanıdılmasına xidmət etdiyini vurğulayıb. Ölkəmizə səfər edən Fransa Senatı üzvlərinin paytaxtla yanaşı, regionlarımıza da səfər edəcəklərini məmnunluqla qeyd edən Azərbaycanın birinci xanımı səfər zamanı qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlarla görüşəcəklərini deyib.

Azərbaycanın 20 ildən çoxdur münaqişənin sülh yolu ilə həllinə çalışdığını diqqətə çatdıran M. Əliyeva danışıqların heç bir nəticə vermədiyini təəssüflə vurğulayıb. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirib ki, Azərbaycan dövləti bu məsələdə Fransanın dəstəyini yüksək qiymətləndirir: “Mövqeyimiz bəllidir: bizim digər ölkənin torpaqlarına iddiamız yoxdur. Biz Azərbaycan torpaqlarının azad olunmasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını istəyirik”.

M. Əliyeva Fransada güclü erməni lobbisinin fəaliyyət göstərməsindən danışıb və qeyd edib ki, onların əsas məqsədi Azərbaycan haqqında yalan informasiya yaymaqdır, dostluq qrupunun məqsədi isə Fransa ictimaiyyətini həqiqətlərlə tanış etməkdir. M. Əliyeva bu işdə göstərilən dəstəyə görə Fransa Senatının üzvlərinə təşəkkürünü bildirib.

Fransa Senatının üzvü Jan Mari-Bokel Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində rolunu yüksək qiymətləndirib.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR