“Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda vətəndaşlardan nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı qanunvericilikdə hər hansı bir müddəa yoxdur”.
Bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici turizm şəbəkə sisteminə daxil olan mehmanxanalarda dünya standartına uyğun olaraq, cütlüklərdən nikah haqqında şəhadətnamə tələb olunmur: “Lakin mehmanxanada gecələmək üçün şəxslər mütləq halda anket doldurulmalı və onlar haqda məlumatlar həmin anketdə öz əksini tapmalıdır. Bir daha bildirirəm ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların vətəndaşlardan nikah haqda şəhadətnamə tələb etməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur. Qanunvericilikdə belə bir müddəa yoxdursa, bunu tələbə etməyə heç bir lüzum da yoxdur. Mehmanxanalarda müştərilərdən nikah haqqında şəhadətnamənin tələb olunması müəyyən mənada turizmin inkişafına maneə yaradan amillərdən birinə çevrilə bilər”.
AzTA sədrinin müşaviri qeyd edib ki, bu məsələ ilə bağlı turizm şirkətləri və mehmanxana sahibləri arasında bəzən fikir ayrılıqları yaranır: “Artıq məhkəmənin hökmü olmadan heç kim mehmanxananın nömrəsinə daxil olub, axtarış apara bilməz. Əvvəllər bəzi hallarda hüquq-mühafizə orqanları insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində mehmanxanalarda axtarış aparırdı. İndi isə bunun üçün məhkəmə qərarı olmalıdır. Qanunda vətəndaşlardan mehmanxanada gecələmək üçün nikah haqqında şəhadətnamə tələbi yoxdursa, bunu necə tələb edə bilərlər? Hər halda Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda turizm şirkətləri, mehmanxana sahibləri, menecerlər və hüquqşünaslar bu haqda fikirlərini bildirməlidir. Ümumiyyətlə, bu məsələyə birdəfəlik nöqtə qoymağın vaxtı çatıb”.
Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev mətbuata açıqlamasında bildirib ki, rəhbəri olduğu idarə heç bir hotel və mehmanxanaya nəzarət etmir: “Bu, bizim səlahiyyətimizdə olan bir məsələ deyil. Otelçilik fəaliyyəti ilə məşğul olanlar birmənalı şəkildə bilməlidirlər ki, otelə gələn insanlardan nikah haqqında şəhadətnamə tələb edilmir, anket kağızının doldurulması kifayətdir”.
Hüquqşünas Müzəffər Baxışov deyib ki, qanunvericilikdə vətəndaşlardan mehmanxanalarda gecələmək üçün nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı hər hansı bir müddəa yoxdur: “Adətən, Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda əxlaqsızlığın qarşısını almaq üçün şəhadətnamə tələb olunur. Digər tərəfdən elə mehmanxanalar da var ki, orada belə bir tələb qoyulmayıb”.
M. Baxışov bildirib ki, ümumilikdə Azərbaycanda mehmanxanaların fəaliyyətini tənzimləyən hər hansı hüquqi-normativ akt yoxdur: “Nə Nazirlər Kabinetinin, nə də digər qanunverici orqanların mehmanxanaların fəaliyyətini tənzimləyən bir hüquqi-normativ aktı var. Yeganə olaraq, Mülki Məcəllədə mehmanxanalarda əmlakın saxlanılması, qəbul edilməsi, əmlaka dəymiş ziyanla bağlı münasibətlər tənzimlənir. Digər məsələlərin tənzimlənməsi ilə bağlı isə normativ-hüquqi akt yoxdur. Deyilənə görə, "Turizm haqqında" yeni qanun qəbul olunmalıdır. Bu məsələlərin də orada öz əksini tapacağı bildirilir”.
Paytaxt və regionlarda fəaliyyət göstərən bəzi mehmanxanalarla müştəri kimi əlaqə saxlayıb, real vəziyyəti öyrənməyə çalışdıq.
Şəhadətnamə olmasa, cütlüklərə ayrı-ayrı nömrələr təklif olunur
Zaqatalada yerləşən “Qrata hotel”dən bildirdilər ki, cütlüklərin mehmanxanada gecələməsi üçün nikah haqqında şəhadətnamənin olması şərtdir. Nikah haqqında şəhadətnamə olmasa, cütlüklərə ayrı-ayrı nömrələr təqdim olunur. Xanımın yerli və ya əcnəbi olması da onlar üçün elə bir əhəmiyyət kəsb etmir:
- Xanım yerli və ya əcnəbi olsun, nikah haqqında şəhadətnamə olmasa, bizim oteldə ayrı-ayrı nömrələrdə qalmağa məcbursunuz.
Şəkidə fəaliyyət göstərən “Karvansaray” mehmanxanasından isə sualımıza cavab olaraq bildirdilər ki, təxminən 1 ay əvvələ qədər cütlüklərdən nikah haqqında şəhadətnamə tələbi mütləq tələb olub. Lakin Mədəniyyət və Turizm Nazirliyinin xəbərdarlığından sonra bu şərt aradan götürülüb və hazırda müştərilərdən yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Müştərilərindən mütləq şəkildə nikah haqqında şəhadətnamə tələb edən Sumqayıtdakı “Diana” mehmanxanasının əməkdaşından bunu hansı səbəblə etdiyini xəbər almaq istədikdə orijinal cavab eşitdik:
- Burada ailə var, qadın var, uşaq var... Camaat ailəsini, uşağını gətirir bura. Bizi başa düşün. Sizə burada gecələmək üçün yer verə bilmərik...
Gəncədəki “Kəpəz hotel”dən isə bildirdilər ki, hər halda nikah haqqında şəhadətnaməni aparsaq, yaxşı olar.
Bakıdakı “Xudafərin otel”də də cütlüklərdən nikah haqqında şəhadətnamə tələb edilir. Səbəbə gəlincə, nikah haqda şəhadətnamə təqdim etməyən cütlüklər mehmanxanada gecələsə, bu, evli olan, nikah haqda şəhadətnamə təqdim edən cütlüklərin rahatlığının pozulmasına gətirib çıxara bilər.
Qadın əcnəbidirsə, nikah haqda şəhadətnaməyə ehtiyac yoxdur!
Ən maraqlı mənzərə ilə Bakıda fəaliyyət göstərən “Kiçik Qala” mehmanxanasının əməkdaşı ilə söhbət zamanı qarşılaşdıq. Mehmanxana əməkdaşı dedi ki, xanım yerlidirsə, onun üçün nikah haqqında şəhadətnamə mütləq olmalıdır. Əcnəbidirsə, şəhadətnaməyə ehtiyac yoxdur. “Hansı səbəblə belə edirsiniz?” sualına cavab aqressiv oldu:
- Səbəbini Turizm Nazirliyindən soruşun!
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təxminən 2 ay əvvəl mehmanxana rəhbərlərinə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən mehmanxanada qeydiyyatdan keçərkən tələb olunan müvafiq sənədlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər daxil olub: “Məlum olduğu kimi, mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi beynəlxalq qaydalarına və təcrübəsinə əsasən, hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, ad, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir.
Həmin vərəqədə eyni zamanda mehmanxanada qalma qaydaları və rejimi də öz əksini tapır. Sənədə atılan imza onu təsdiq edir ki, mehmanxanada gecələyən turist, xidmət qaydaları və qiymətləri ilə tanış olub. Daha sonra vərəqədəki göstəricilər mehmanxananın qeydiyyat bankına daxil edilir və şəxsiyyəti təsdiq edən sənəd dərhal müştəriyə geri qaytarılır. Əlavə olaraq bildiririk ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nikah haqqında şəhadətnamə tələb olunmur”.
Bakıda yerləşən “Anatolia” mehmanxanasının meneceri Zaur Məmmədov bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin məlum müraciətindən əvvəl onlar da cütlüklərdən nikah haqda şəhadətnamə tələb ediblər: “Lakin hazırda cütlüklərdən yalnız şəxsiyyət vəsiqəsi tələb edirik. Bəzən bizə belə sualla müraciət edirlər ki, cütlükləri nikah haqda şəhadətnamə olmadan mehmanxanaya buraxmaqla əxlaqsızlıq yuvasına şərait yaratmırıq? Bu cür sual verənlərə Mədəniyyət və Turizm Nazirliyinin müraciətini təqdim edirik. Düşünürəm ki, şəxsiyyət vəsiqəsini və təqdim olunan formanı doldurmaq kifayət edir”.
Z. Məmmədov onu da qeyd etdi ki, cütlüklərdən nikah haqda şəhadətnamə tələb etmədikləri vaxtdan etibarən hər hansı neqativ halla qarşılaşmayıblar.
1999-cu ildə qəbul olunan “Turizm haqqında” qanun müasir dövrün tələblərinə cavab vermir
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin iclasında qeyd edib ki, “Turizm haqqında” yeni qanun layihəsinin ilkin variantı müzakirə edilib: ““Turizm haqqında” qanun 1999-cu ildə qəbul olunub. Bu qanun artıq müasir dövrün tələblərinə cavab vermir. Buna görə də “Turizm haqqında” yeni qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılıb. Biz başqa ölkələrin təcrübələrini öyrənmişik. Milli Məclisin spikerinin dəstəyi ilə materiallar işçi qrupu tərəfindən işlənib hazırlanıb”.
H. Rəcəbli onu da qeyd edib ki, layihənin Milli Məclisin yaz sessiyası dövründə tam hazır olması və plenar iclasa tövsiyə olunması nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə isə Ümumdünya Turizm Təşkilatının ekspertlərinin tövsiyəsi ilə hazırlanan yeni qanun layihəsinə turizm sahəsi üzrə bir çox vacib məsələ daxil edilib ki, bütün bunlar da turizmin inkişafına şərait yaradacaq.//Apa