“Son aylarda müşahidələrim məhkəmədə baxılan mülki işlərin əsas hissəsinin kredit münasibətlərindən irəli gələn işlər olması və bu halın ölkədə bankların problemli kreditlərinin faizinin elan edildiyindən də yüksək olmasına dair şübhələr yaradırdı.
Rəsmi statistik məlumatları (2015-ci il üçün statistik rəqəmlər Dövlət Statistika Komitəsinin saytına yüklənmədiyindən sorğu vasitəsi ilə əldə etmişəm) əldə etdikdən, müqayisə və təhlil apardıqdan sonra durumun acınacaqlı olması açıq aydan görünür”.
Bu haqda vəkil Cavad Cavadov bildirib.
O deyib ki, 2014-cü ildə məhkəmələrdə 153 606 mülki işə baxılıb:
“Bu işlərdən kredit, borc münasibətləri üzrə 95 454 mülki iş üzrə qərar (qətnamə və əmr) qəbul edilib. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü il üçün ümumi baxılan işlərin 62%-ni təşkil edir.
2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılıb və 2014-cü illə müqayisədə işlərin həcminin birdə birə artması məhz kredit münasibətlərindən irəli gələn işlərlə bağlıdır. Keçən il baxılan mülki işlərdən 171 664 iş təəssüf ki kredit münasibətlərindən irəli gələn işlər olub, bu isə ümumi işlərin həmin il üçün 75, 15 faizin təşkil edir.
Bu ilin ilk 6 ayı üçün rəqəmlər açıqlanmayıb, lakin şəxsi müşahidələrim onu göstərir ki, rəqəmlər artan temp ilə davam edir”.
C.Cavadov tendensiyanın çox təhlükəli olduğunu vurğulayıb:
“Bu qədər kredit münasibətləri üzrə qəbul edilmiş qərarların tam icrası praktiki olaraq mümkünsüzdür, çünki buna nə icra məmurlarının ştatı, nədə ki, fiziki imkanları yetərli deyil.
Kredit münasibətlərindən irəli gələn işlərin belə böyük həcmi məhkəmələrdə baxılan digər işlərinin keyfiyyətini aşağı salır və məhkəmələrin bank işləri ilə yüklənməsi süründürməçiliyə səbəb olur. Məhkəmələrdə bu işlərin sayının azaldılması qanunvericiliyə dəyişiklik edilməsi və işlərin məhkəmədən aılnmasıdır.
Mövcud qanunvericilikdə notariusun icra qeydi əsasında notariat qaydada bağlanmış borc müqavilələrini, həmçinin ipoteka ilə yüklü edilmiş əmlakın yönəltmə prosedurunun başlanması mümkündür.
Lakin bu alternativ hüquq olaraq verilib, yəni şəxslərin birbaşa pul tutulması üçün məhkəməyə müraciət etməsini istisna etmir.
Qanunvericiliyi mükəmmələşdirib həmin işlərə məhkəmədə baxılmasa belə, qəbul edilmiş notariusun icra qeydləri son olaraq icra məmurlarına təqdim olunacaq və mövcud ştat sayı ilə, hətta ştatlarının bir neçə dəfə artırıldığı halda belə, bu qədər həcmin vaxtında və dəqiq icrası inandırıcı görünmür”. (Modern.az)
Xəbər 360 dəfə oxunub.