Bu gün Nəsimi rayon Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyev özünü yandırıb.
S.Əliyevin ikinci həyat yoldaşı Zəminə Əliyeva məsələ ilə bağlı Lent.az-a açıqlama verib. O bildirib ki, həyat yoldaşı barəsində istintaq müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib: “ Bizi içəri buraxmadılar. Bu zaman içəridən səs-küy gəldi. Mən içəri daxil olmaq istəsəm də, buraxmadılar. Vəkil Elnur Quliyev dedi ki, Samir etiraz olaraq cibindəki alışqanla özünü yandırıb. Vəkil bildirdi ki, elə ciddi xəsarət yoxdur. Oranın işçiləri bunun qarşısını alıb”.
Z.Əliyeva deyib ki, məhkəmədən sonra ərinin hara aparıldığından xəbəri yoxdur: "Vəkillə hələ əlaqə saxlamamışam. Samir Kürdəxanındakı İstintaq Təcridxanasında saxlanılırdı”.
Hadisə ilə bağlı Nəsimi rayon Məhkəməsinə zəng etsək də cavab verən olmadı. Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsindən hadisənin baş verdiyini təzkib etməsələr də, əlavə məlumat verilməyiblər.
Qeyd edək ki, bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olubmuş. Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qərarı çıxarılıb.