Məhkəmədə zərərçəkmişlərin ifadələri elan olundu

Məhkəmədə zərərçəkmişlərin ifadələri elan olundu

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ifadələrin elan olunması ilə davam etdirilir.
Aktual.az xəbər verir ki, oktyabrın 27-də keçirilən məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.
Zərərçəkmiş şəxs - "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı yol-nəqliyyat idarəsində müqavilə əsasında işləyən sürücü Nadir Bədir oğlu Seyidov ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın 19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb. Partlayış nəticəsində o və Renad Ağababayev xəsarət alıblar.
Zərərçəkmiş şəxs Bəykişi Musa oğlu Zeynalovun elan olunan ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı kəndində yaşadığı evdə olarkən evin damına Ermənistan silahlı qüvvələrinin atdığı mərmi düşməsi nəticəsində bədən xəsarətləri alıb, evi əşyarlarla birlikdə yararsız hala düşüb.
Növbəti ifadələrdə qeyd olunub ki, zərərçəkmiş şəxs Mehman Fikrət oğlu Həsənov 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Hüseyn Mahir oğlu Quliyev eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi ərazisinə atılan mərminin partlaması, İmran Elman oğlu Həsənli isə həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış atəş nəticəsində bədən xəsarətləri alıblar.
Elan olunan digər ifadələrə əsasən, zərərçəkmiş şəxs Fərzəliyev Samir Vaqif oğlunun hüquqi varisi Fərzəliyeva Siyafər Əli qızı övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs İsmayılov Mirrəhim Mirmehdi oğlunun hüquqi varisi İsmayılov Mirmehdi İsmayıl oğlu isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR