Medianews.az saytının təsisçisi məhkəməyə cəlb edilib

Medianews.az saytının təsisçisi məhkəməyə cəlb edilib

Bu barədə Medianews.az saytının təsisçisi Ələsgər Süleymanov məlumat verib. Onun dediyinə görə, bu gün Nizami rayon Məhkəməsindən daxil olan məktubda Rzayev Qulammirzə Ağamirzə oğlunun onu xüsusi ittiham qaydasında məhkəmə verdiyi məlum olub.

17 may 2013-cü il tarixdə ANS PRESS və bir çox digər xəbər saytlarında “Bakıda burnundan əməliyyat olan kişi öldü” başlıqlı xəbər dərc olunub. Xəbərdə deyilir ki, 48 yaşlı Qalib Əsədullayev burnundakı çəpərliyin əyriliyinə görə 6 ay bundan əvvəl Biləcəridəki Dəmiryolu xəstəxanasında həkim Rafiq Rzayev tərəfindən əməliyyat olunub. Lakin əməliyyat uğursuz keçib və, həkim yenidən əməliyyat olunmağı vacib bilib. Təkrar əməliyyat isə 17 aprel tarixində yenidən dəmiryol xəstəxanasında olub. Əməliyyatdan sonra xəstədə tez-tez qanaxma baş verib. Xəstə yenidən xəstəxanaya yerləşdirilib və dünyasını dəyişib.

Qalib Əsədullayevin qardaşı Həsənağa Əsədullayevin ANS PRESS-ə dediklərinə görə, əvvəllər qardaşının heç bir xəstəliyi olmayıb. Sadəcə burun çəpərində əyrilik olub. Nəfəs almaqda çətinlik çəkirmiş: “6 ay əvvəl qardaşım əməliyyat olundu. Lakin əməliyyat uğursuz oldu və qardaşımın burnu şişdi və nəfəs ala bilmədi. Onu təkrar əməliyyat etdilər. Qardaşımın əməliyyatdan sonra halı daha da pisləşdi və burnundan dəfələrlə qan açıldı. Dünən gecə isə qanaxmadan dünyasını dəyişdi. Həkim bizdən əməliyyata görə 2 min manat pul alıb. Bundan əlavə də, min manata yaxın xərcimiz çıxıb. Üstəlik qardaşım da öldü. İndi həkim deyir ki, mənlik deyil”, — deyə Həsənağa Əsədullayev şikayətlənib. Həsənağa Əsədullayevin sözlərinə görə, xəstəxana da xəstənin ölümü ilə bağlı heç nə deməyib. Deyiblər ki, həkim xəstəxananın rəhbərliyinin icazəsi olmadan əməliyyat edib. İndi Həsənağa qardaşının ölümündə həkimin günahlandırılmasını istəyir və buna görə də, müvafiq orqanlara şikayət edib.

Ələsgər Süleymanov bildirib ki, hadisədən və xəbərin saytlarda getməsindən 2 il müddət keçdikdən sonra mart ayının ortalarında özünü həkim Rafiq Rzayevin əmisi oğlu və nümayəndəsi kimi təqdim edən Rzayev Qulammirzə redaksiyaya gələrək prokurorluğun işə xitam verməsi barədə möhürsüz, adi vərəqədən ibarət bir sənəd təqdim edərək, saytdan xəbərin çıxarılmasını xahiş edib. Ona saytdan xəbər çıxarmaq kimi bir praktikanın olmadığı, lakin işə xitam verilməsi barədə xəbərin də yazıya əlavə edilə bilinəcəyi bildirilib. O isə həkimin adının axtarış sistemlərində ölüm halı ilə hallandırılmasını əsas gətirərək, xəbərin saytdan çıxarılmasını israr edib.

Həkimin nümayəndəsi danışarkən və hətta öz ərizəsində də qeyd edib ki, bütün digər saytlardan bu xəbərin çıxarılmasına nail olub. Ona bunun qanun pozuntusu olması və belə hallarda təkzib verilməsi praktikası izah edilsə də, o razılaşmayıb. İsrarlı xahişlərlə iş rejimini pozub. Qarşıdan gələn Novruz bayramını əsas gətirərək, həkimin adının xəbərdən çıxarılmasını xahiş edib. İşə yaratdığı problem nəzərə alınaraq, ona bütün xəbərin deyil, yalnız həkimin adının xəbərdən çıxarılacağı və təkzibin də yerləşdiriləcəyi bildirilib. Bu deyilən məsələ öz həllini tapmasına baxmayaraq, onun yenidən Bakı Şəhər Prokurorluğuna və Nizami rayon Məhkəməsinə müraciət etməsi başa düşülən deyil. Digər tərəfdən Nizami rayon məhkəməsinin hakimi Ramil Həsənovun bu işi xüsusi ittiham qaydasında icraata götürməsi anlaşılan deyil. Şikayətçi şəxs öz ərizəsində qeyd edir ki, xəbəri vermiş 33 saytdan 31-də bu xəbəri sildirib. Onun buna necə nail olması ciddi şübhələr doğurur.

Xəbər 932 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR