Medianews.az-a qarşı iddia rədd edildi İttiham tərəfinin ərizəsi qanunsuz imiş

Medianews.az-a qarşı iddia rədd edildi  İttiham tərəfinin ərizəsi qanunsuz imiş

Medainews.az saytının təsisçisi Ələsgər Süleymanovun xüsusi ittiham qaydasında məhkəməyə verilməsi barədə xəbər vermişdik. Mayın 12-də Nizami Rayon Məhkəməsində Ramil Həsənovun sədrliyi ilə ilkin hazırlıq iclası keçirildi.

Prosesdə şikayətçi Rzayev Qulammirzə Ağamirzə oğlu və müdafiə tərəfinin vəkili Elçin Sadıqov iştirak edirdi.

Hakim məhkəmə heyətini elan etdikdən sonra iddiaçı Rafiq Rzayevin əmisi oğlu, məhkəmədə onun nümayəndəsi rolunda iştirak edən şikayətçi çıxış etdi. Q.Rzayevin çıxışı zamanı məlum oldu ki, məhkəməyə təqdim edilən şikayət ərizəsi tamamilə qanunsuzdur. Qanunvericiyə görə, ərizə iddiaçı tərəfindən imzalanmalıdır. Eyni zamanda ərizədə iddiaçı özü barəsində məlumat verməlidir. Bu halların heç biri şikayət ərizəsində yox idi. Hətta ərizə R.Rzayev yox, Qulammirzə Rzayev tərəfindən təqdim olunmuşdu.

Müdafiə tərəfinin vəkili Elçin Sadıqov buna etirazını bildirdi: “Nümayəndə xüsusi ittiham qaydasında olan şikayəti imzalaya bilməz. Bununla bağlı qüvvəyə minmiş Xətai Rayon Məhkəməsinin qərarı var”. Hakim də vəkilin dediklərini təsdiq etdi.

Sual doğuran hissələrdən biri də o idi ki, medainews.az-da “Bakıda burnundan əməliyyat olan kişi öldü” başlıqlı məqalə 7 may 2013-cü il tarixində dərc olunub. Şikayət isə 1 il 11 aydan sonra-31 mart 2015-ci ildə edilib. Hakim bunun səbəbini soruşdu. Şikayətçinin cavabı maraqlı oldu. O, iki il müddətində şikayət etmək hüquqlarının olduğunu bildirdi.
Elçin Sadıqov xüsusi ittiham qaydasında işin icraata götürülməsindən imtina edilməsini xahiş etdi: “İttihamçının tələbi odur ki, məlumat çıxarılsın. Məlumatın çıxarılması "KİV haqqında" Qanunda da yoxdur. İttihamçı deyir ki, internetdə adımı yazanda, bu məlumat çıxır. Məlumatın internetdən çıxarılması anlayışı belə yoxdur”.

Ramil Həsənov şikayət ərizəsinin qanunvericilikdə göstərilən tələblərin heç birinə cavab vermədiyini qeyd etdi: “Xüsusi ittiham qaydasında şikayət verilən zaman ittihamçı doğum tarixi, yaşayış yeri, işi, vəzifəsi, kimin barəsində şikayət etməyi ilə bağlı məlumat verməlidir. Şikayətdə bunlar öz əksini tapmayıb. Məhkəmə iclasında müəyyən olunub ki, şikayət ərizəsini imzalayan şəxs Qulammirzə Rzayevdir. Şikayət edən şəxs, ümumiyyətlə, ərizəni imzalamayıb. Qoyulan tələblər aydın deyil. Saytdakı məlumatda nalayiq formada şərəf və ləyaqətin alçaldılması, böhtan atılması halları yoxdur. Məlumatın çıxarılması tələbində cinayət məsuliyyəti yoxdur. Bu tələbə mülkü qaydada baxılmalıdır. 147-ci maddənin aidiyyəti yoxdur. Yazıda həkimin peşəkarsızlığı, səriştəsizliyi kimi ifadələr olsa, onun işinə xələl gələ bilər. Yalnız bu zaman qeyd etdiyiniz tələblər irəli sürülə bilər”.

Sonda məhkəmə hər iki tərəfdən mövqelərini soruşdu.

Elçin Sadıqov xüsusi ittiham qaydasında işin icraata götürülməsi ilə bağlı keçirilən hazırlıq iclasından imtina edilməsini təklif etdi. Vəkil fikirlərini şikayətin heç bir qanunvericilik tələblərinə cavab verməməsi, eləcə də saytdakı məlumatda həkimə böhtan atılmaması ilə əsaslandırdı.

İttiham tərəfinin nümayəndəsi, eyni zamanda şikayətçi olan Q.Rzayev şikayətin məhkəmə baxışına göndərilməsini və əməliyyat zamanı ölən şəxsin qardaşının ərizəsinin əsas götürülməsini xahiş etdi.

Bundan sonra qərar qəbul etmək üçün məhkəmə müşavirəyə getdi. 10 dəqiqəlik müşavirənin ardından qərar məlum oldu. Hakim Ramil Həsənov ittiham tərəfinin şikayətinin rədd edildiyini elan etdi.

Qeyd edək ki, 17 may 2013-cü il tarixdə ANS və bir çox digər xəbər saytlarında “Bakıda burnundan əməliyyat olan kişi öldü” başlıqlı xəbər dərc olunub. Bu yazıya görə Ələsgər Süleymanov məhkəməyə verilmişdi. Xəbərdə deyilir ki, 48 yaşlı Qalib Əsədullayev burnundakı çəpərliyin əyriliyinə görə 6 ay bundan əvvəl Biləcəridəki Dəmiryolu Xəstəxanasında həkim Rafiq Rzayev tərəfindən əməliyyat olunub. Lakin əməliyyat uğursuz keçib və həkim yenidən əməliyyat olunmağı vacib bilib. Təkrar əməliyyat isə 17 aprel tarixində yenidən Dəmiryol Xəstəxanasında olub. Əməliyyatdan sonra xəstədə tez-tez qanaxma baş verib. Xəstə yenidən xəstəxanaya yerləşdirilib və dünyasını dəyişib.(musavat.com)

Xəbər 870 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR