Azərbaycan ədliyyə işçilərinin peşə bayramı münasibətilə noyabrın 22-də Bakıda velosiped yürüşü keçirilib.
Bu münasibətlə Ədliyyə Nazirliyi Velosiped İdman Klubunun üzvləri və Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançı və əməkdaşları Dövlət Bayrağı Meydanından Heydər Əliyev Mərkəzinə qədər yürüş ediblər.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Federasiyadan verilən məlumata görə, yürüşdə Ədliyyə Nazlrliyi Penitensiar Xidmətin sabiq rəisi, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev və Penitensiar Xidmətin rəis müavini, general-mayor Hüseyn Əlixanov da iştirak ediblər.
Mətbuat nümayəndələrinə müsahibəsində M.Quliyev deyib ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər: “Bundan sonra Penitensiar Xidmətin nəzdində velosiped komandası formalaşdırıldı. Artıq 60-dan çox idmançı komandamızın üzvüdür. Həftədə iki dəfə məşq edir, əlamətdar günlərdə yürüş keçiririk. İdmana ayrılan vaxtı itirilmiş zaman adlandırmaq olmaz. Harada işləməyimizdən asılı olmayaraq, hər bir insan, xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər fiziki sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər”.