Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Azad Həziyev, Nicat Xəlilov və Aqşin Mustafayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Aktual.az lent.az-a istinadən bildirir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Mustafayevlə N.Xəlilov hər biri 14 il, A.Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il avqustun 28-də saat 04 radələrində R.Quliyev küçəsində yerləşən "Qara çay" tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olaraq, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl-qolunu bağlayıb, içərisində 60 000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Nicat Xəlilov, Aqşin Mustafayev və Azad Həziyev tutulublar.