Mərkəzi Bankın üzən məzənnəyə keçidi açıqlamasından sonra ərzaq məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə bahalaşma qeydə alınıb.
Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, əhalinin daha çox narahatlığına səbəb olan amillərdən biri artıq bir çox un müəssisələrinin məhsulların qiymətini iki dəfə artırmasıdır. Belə ki, unun qiymətinin devalvasiyadan əvvəl 1 kiloqramı 35-40 qəpik, kisəsi 18 manat-18 manat 50 qəpik idisə, artıq dünəndən bu qiymətlərdə 50% artım müşahidə olunur. İndi unun 1 kiloqramını 50-60 qəpiyə, kisəsini isə 26-27 manata verirlər.
Unun qiymətinin qalxması, əlbəttə ki, çörək və çörək məhsulların, un məmulatlarının qiymətinə də təsirsiz ötüşməyəcək. Ekspertlərin fikrincə, əgər unun qiyməti qalxıbsa, sex işlədən sahibkarlar da məcbur olub ya çörəyin qiymətini qaldıracaqlar, ya da çörəyin çəkisini azaltmaqla bunu kompensasiya etməyə çalışacaqlar.
Artıq bir neçə iri marketdə dünəndən etibarən satılan çörəklərin qiymətində artım müşahidə olunub. Ötən gündən etibarən sosial şəbəkələrdə də ən çox müzakirə olunan məhz bu mövzudur. İnsanlar müxtəlif satış məntəqələrindən aldıqları çörək qəbzlərinin şəklini paylaşaraq etirazlarını bildirirlər.
Sosial şəbəkələrdə paylaşılan qəbz
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev deyir ki, əslində, bu sahədə artım gözlənilən idi: "Bəzi yerlərdə deyilir ki, niyə qiymət artımı belə tezliklə oldu, axı, köhnə qiymətlə alınan məhsuldan hazırlanan məhsul da köhnə qiymətlə satılmalıdır? Amma fevral ayındakı devalvasiyadan da gördük ki, bir çox sahibkarlar məhsulu alır, müqavilə bağlayır və məhsulu satdıqdan sonra onun pulunu ödəyirlər. Ona görə bu gün sahibkarların un və digər un məmulatlarının qiymətini artırması gözləniləndir. Hər il kənd təsərrüfatında taxıl sahəsinə xeyli subsidiyalar ayrılır, amma buna baxmayaraq, yerli taxıl istehsalımız çox zəifdir. Bu səbəbdən də taxıl xaricdən alınır və təbiidir ki, qiymətində artım qaçılmazdır", - deyə iqtisadçı ekspert bildirdi.
Azər Mehdiyev - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri
"Manatın üzən məzənnə rejiminə keçməsi ilə əlaqədar idxal olunan ərzaq buğdasının qiymətinin artması nəticəsində unun və çörəyin qiymətindəki dəyişiklik İqtisadiyyat və Sənaye Nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti tərəfindən diqqətlə araşdırılır. Süni qiymət artımı hallarına yol verilməməsi üçün nəzarət tədbirləri davam etdirilir. İstehlak bazarında yaranmış vəziyyətdən sui-istifadə edən ticarət obyektləri və sahibkarlar barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək", - deyə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi.
Abbas Əliyev - İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Azərbaycan taxılı Qazaxıstan və Rusiyadan idxal edir. Bu səbəbdən taxılın, unun qiymətində artım, əslində, gözlənilən idi. Amma ekspertin də dediyi kimi, nəzərə alsaq ki, kənd təsərrüfatında taxıl istehsalına kifayət qədər subsidiyalar ayrılır, demək, yerli məhsulumuzu kifayət qədər istehsal etməyə çalışmalıyıq. Buna görə taxıl istehsalında inhisarçılıq deyil, rəqabət olmalıdır. Əgər bunun öhdəsindən gələ bilsək, o zaman böhran bizə deyil, biz böhrana qalib gəlmiş olarıq.
Bugünkü un müəssisələrinin vəziyyəti:
Aktual.az