Martın 22-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 81 yaşında dünyasını dəyişib.
Aktual.az Report-a istinadən xəbər verir ki, mərhumla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir. Vida mərasimində Nərgiz Paşayeva, Fatma Abdullazadə, Ədalət Vəliyev, mərhumun ailə üzvləri və qardaşı Rüstəm İbrahimbəyov iştirak edirlər.
Qeyd edək ki, Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonraAzərbaycan Politexnik İnstitutununinşaat fakültəsində təhsil alıb. Eyni zamanda institutun çoxtirajlı "Politexnik" qəzetində ştatdankənar müxbir kimi çalışıb.
Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis, Moskva Ali ssenaristlər kursunda müdavim,Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri, Moskva Ali rejissorluq kurslarında müdavim olub.
Bədii yaradıcılığa 1960-cı illərdə başlayıb. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub.
"Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
"Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.
Maqsud İbrahimbəyovun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri vardır. Onun ssenariləri əsasında çəkilən filmlər tamaşaçıların rəğbətini qazanıb. Yazıçının əsərləri əsasında “Azərbaycanfilm” və digər kinostudiyalarda istehsal olunmuş filmlər kinematoqrafiyamızın tarixinin önəmli səhifələrini təşkil edir.