Türkiyədə mənzillənmiş azərbaycanlı oliqarx Mübariz Mənsimovun tankerlərinin İŞİD-ə aid nefti beynəlxalq bazarlara çıxarması barədə ittihamlar Maltada da narahatlıqla izlənir.
Buna səbəb “Palmali” şirkətlər qrupunun uzunmüddətli kirayə əsasında işlətdiyi beş neft tankerinin Maltada qeydiyyatdan keçməsidir.
Aktual.az Virtualaz.org saytına istinadən xəbər verir ki, “The Malta İndependent” qəzeti bu tankerlər və Mənsimovla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan arasında ortaq gəmiçilik biznesi haqda yazır. (http://www.independent.com.mt/articles/2015-12-13/local-news/Maltese-ships-owned-by-Turkish-president-s-son-being-implicated-in-ISIS-oil-trade-6736150377).
Qəzet yazır ki, Türkiyənin Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançısını vurmasından sonra Kreml rəhbərliyi Ərdoğanı və ailəsini İŞİD-lə neft alverində ittiham edib.
“Belə məlum olur ki, İŞİD-lə qanunsuz neft biznesinə qarışdığı təxmin edilən bütün tankerlər Maltada qeydiyyatdan keçib və Malta bayrağı altında üzür”- deyə qəzet yazır.
Bundan əlavə azərbaycanlı milyarderin onlarla şirkətindən biri Maltada qeydiyyatdan keçib, həmin şirkət son illərdə Bilal Ərdoğana beş neft tankeri satıb. Daha sonra tankerlər “Palmali” şirkəti tərəfindən uzunmüddətli kirayələnib. Həmin şirkət də ittihamların mərkəzindədir.
“Regional siyasət, təbliğat və Rusiya ilə Türkiyənin silah oynatması bir kənara qalsın, Malta ondan narahatdır ki, Ərdoğanın oğlunun mülkiyyətində olan beş tankerin hamısı Maltada qeydiyyatdan keçib. Əgər bu istiqamətdə itihamlar artmaqda davam etsə, “Transport Malta” (Maltanın nəqliyyat operatoru) Malta bayrağı altında üzən tankerlərlə bağlı araşdırma aparacaq”- qəzet yazır.
“Malta İndependent” xatırladır ki, Beynəlxalq Dənizçilik Təşkilatının (İnternational Maritime Organization) reyestrində yer alan məlumata görə, Ərdoğanın oğlu, yeznəsi və qardaşına məxsus “BMZ Grup Denizçilik” şirkəti ötən ilin sentyabrında Mübariz Mənsimovun “Palmali Group” şirkətinin Maltada təsis etdiyi “Oil Transportation & Shipping Services Co Ltd” şirkətindən iki tanker alıb.
Bundan sonra “BMZ Group Denizçilik” “Palmali Shipping & Transport” şirkətindən daha üç tanker alıb. Bunlar “Mecid Aslanov”, “Begim Aslanova” və “Poet Qabil”, “Armada Breeze” və “Shovket Alekperova” tankerləridir.
Tankerlərin hamısı Malta bayrağı altında üzür. “Palmali” şirkətinin ofisi İstanbulda yerləşir, ancaq onun aktivlərinin əsas hissəsi çoxsaylı ofşor şirkətlər vasitəsilə Maltada yerləşir.
Qəzet onu da xatırladır ki, Bilal Ərdoğan İŞİD-lə neft alverini İtaliyanın “Corriera dela Serra” qəzetinə müsahibəsində təkzib edib. Bildirib ki, “BMZ Group” şirkəti həqiqətən onların ailəsinə məxsusdur, ancaq şirkət gəmiçiliklə yox, tikinti ilə məşğul olur. Habelə Türkiyə rəhbərliyi bu ittihamları rədd edib.
O cümlədən Mənsimov özü də İŞİD-lə neft biznesini və Ərdoğanın oğlu ilə ortaqlığını rədd edir.
Aktual.az
Xəbər 534 dəfə oxunub.