Şabranda mal-qara oğruları həbs edilib.
Atual.az-ın Anspress-ə istinadən məlumatına görə, Şabran şəhərinin sakini Mirzə Əhmədov avqustun 22-də həyətindəki tövlədən bir baş iribuynuzlu heyvanın oğurlanması barədə Şabran polis şöbəsinə rəsmi ərizə ilə müraciət edib.
Aparılan əməliyyat-axtarış-istintaq tədbirləri zamanı məlum olub ki, oğurluğu 33 yaşlı Sumqayıt şəhər sakini Elxan Şahbazov, Şabran rayon sakinləri - 33 yaşlı Şahin Abdullayev və 19 yaşlı Məhəmməd Yolçuyev törədiblər. İstintaq zamanı aydın olub ki, dəstənin başçısı cinayətkar aləmdə tülkügöz ləqəbi ilə tanınan, əvvəllər 3-dəfə məhkum olunaraq 12 il həbsdə olmuş Elxan Şahbazov olub. O, rayon ərazisində daha iki oğurluqda iştirak edib.
Şabran PŞ-nin istintaq bölməsinin rəisi Rəşad Yunisovun sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, Məhəmməd Yolçuyev və Şahin Abdullayev bu cinayətlərdən yalnız birində Elxan Şahbazovla birlikdə iştirak ediblər. Onlar Əhmədov Mirzə Zakir oğlunun həyətindəki tövlədən bir baş mal-qaranın oğurlayıblar.
Bölmə rəisinin bildirdiyinə əsasən, Elxan Şahbazov avgustda 2 ci oğurluğu Sincanboyad kəndində Azad Səlimovun həyətində törədib. O, həmin vaxt oradan 2 baş inək oğurlayıb. Aparılan istintaq tədbirləri nəticəsində rayon ərazisində keçən il törədilmiş bir oğurluq hadisəsinin də Sumqayıt sakini Elxan Şahbazov tərəfindən törədildiyi aydın olub.
Şabran PŞ-nin istintaq bölməsinin rəisi Rəşad Yunisov bildirdiklərinə görə, istintaq zamanı müəyyən olunub ki, dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Şahbazov Elxan Lətif oğlu keçən il noyabrın 7-də Şabran rayonunun Aygünlü kənd sakini Şahkərəmov Məzahir Aslan oğlunun həyətindəki tövlədən ona məxsus bir baş mal-qaranın oğurlanmasını təşkil edib.
33 yaşlı Şahin Abdullayev və 19 yaşlı Məhəmməd Yolçuyev Elxanla ANS televiziyasına müsahibəsində oğurluğa getmələrini təsdiqləyiblər. “Mən ordan taksi kimi getmişəm, yəni maşın sürmüşəm, vəssalam. Onları maşında aparmışam”, - deyə saxlanılan Məhəmməd Yolçuyev bildirib.
Saxlanılan Şahin Abdullayev isə hadisə vaxtı içkili olduğunu, ayılanda isə artıq gec olduğunu bildirib.
Şabran polis şöbəsində hər 3 saxlanılan şəxs barəsində oğurluq maddəsi ilə cinayət işi açılıb. Onların xüsusən cinayətkar aləmin peşəkar tülkügözlüsü Elxan Şahbazovun bölgədə daha hansı oğurluq etmələri araşdırılır.