Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması və heyvanlar arasında tələfatın olması barədə məlumat verilmişdir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmış və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xidmətdən verilən məlumata görə, kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Bərdə rayonuna ezam olunmuş, rayonun Hacılar və Böyük Göyüşlü kəndlərində araşdırmalar aparmış, heyvanlara baxış keçirmişlər, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmamışdır.
Araşdırmalar zamanı KİV-lərdə adları çəkilən kənd sakinlərinin özlərinin iştirakı ilə həyətlərindəki heyvanlara da baxış kreçirilmiş, heyvan sahiblərindən izahatlar alınmış, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmamışdır. Həmçinin araşdırmalar zamanı kəndlərdə heyvanlar arasında ölüm halının olmadığı da müəyyən olunmuşdur.
Xatırladırıq ki, respublikada olduğu kimi, Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatlıq olarsa, vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin "qaynar xətt"inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.