Son vaxtlar ciddi diqqət etmişəm. Fransa Prezidenti Emmanuel Makron ixtiyari bir tədbirdə 15 kəlmə söz danışırsa, onun 5-i Fransa, 10-u isə Ermənistan haqdadır. Yəni, adam necə bacı aludəçisinə, bacı heyranına çevirilibsə artıq haranın Prezidenti olduğunu belə unudub.
BMT-nin Baş Assambleyasındakı çıxışı da həmin qəbildəndir. Aləmi qatdı bir-birinə. Qaldı Fransa ilə Ermənistanın arasında. Və axırda yenə erməni bacılarını seçdi, Azərbaycana qarşı növbəti nifrinlərini püskürdü, "ənənəvi” estafeti davam etdirdi.
Makron o boyda tribunadan (özü bir yana qalsın, tribunaya da hörmət qoymur!) səsləndi ki, demə bəs beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün bütün dünya dövlətləri Ermənistana dəstək verməli imiş....
Bəli. Beləcə də dedi. Qırmızı-qırmızı. Utanmadan. Riyakarcasına! Niyə riyakarcasına? Çünki söhbət o sərhədlərdən gedir ki, hüdudlarının ədalətli şəkildə tanınması üçün ilk öncə "Minsk Qrupu”nun həmsədrlərindən biri kimi məhz Fransa cavabdehlik daşıyıb. Üstəlik, 30 il boyunca. Söhbət o sərhədlərdən gedir ki, həmin sərhədlərin bərpası və bütünlükdə işğal altına düşən torpaqların qeyd-şərtsiz şəkildə Azərbaycana qaytarılması barədə bütün dünya dövlətləri eynən Makronun nitq söylədiyi BMT tribunasında düz 4 Qətnamə qəbul edib. Fəqət, hamısı da havada qalıb! Söhbət o sərhədlərdən gedir ki, həmin sərhədlərin yeri, haqqı, nizamı pozularkən Makron beynəlxalq ictimaiyyətə səslənmək əvəzinə "Cıdır düzü”ndə Paşinyanla yallı gedirdi, bu sərhədlərin bərpasının deyil, pozulmasının yubileyini qeyd edirdi, indi bəh-bəhlə danışdığı beynəlxalq hüququn, ədalətin, düzgünlüyün anasını nümayişkəranə şəkildə ağlar qoyurdu.
Gözünə girsin, sərhəd! İndi yadına düşüb?! Bu vaxta qədər harada idin?
Makronun erməniyə platonik sevgisi o həddədir ki, Fransa gerçəkdən unudulub və dövlət borcu 3 trilyon, dövlət büdcəsinin kəsiri 200 milyard avro olan ölkənin rəhbəri bu basabasda, bu vurhavurda, bu darmacalda özünə umac ummaq əvəzinə başqasına əriştə kəsir. Nə var, nə var idarəetmə elitasında qərarlaşan bir-iki qıvrıqbaş gədəyə, yaramaz lobbiçiyə söz verib, nə var, nə var ailə məclislərində öhdəlik götürüb, nə var, nə var Vətən müharibəsində erməni bacılarının biabırçı şəkilə məğlub olması bunun "çest”inə toxunub!
Get neyləyirsən elə. Qışqır. Bağır. Sərsəmlə. Sakitləş. Sonra yenə bağır. Ta nə bilim, üzdə özünü sülh göyərçini kimi təqdim edərək daldada erməniyə silah daşı, öyüd ver, nəsihət xırdala, BMT-də qırıldat, AŞPA-dakı yetimçən Şvabe vasitəsilə bəyanat yay, mətbuat konfransı keçir. Alınmayacaq! Vallah-billah, alınmayacaq!
Birdən elə bilərsən, Azərbaycan elə ancaq son 4 ildə güclənib. Yox! Belə düşünürsənsə, kökündən yanılırsan. Azərbaycan son 4 ildə sadəcə daha da güclənib! Ya da belə deyək: Hətta 10 il əvvəl belə yenə də Ermənistanın öhdəsindən gələcək gücdə idiksə, indi həm də... erməni hamiləri olan sizlərin də "dərs”ini verəcək gücdəyik!
Biz müharibəni bir tək Ermənistanı düşünərək aparmadıq ki. Zatən ermənini udmaq dediyim kimi - uzun illər öncə də 2 vur 2 idi.
Biz müharibəyə o zaman atıldıq ki, 1 yox, 5 riyakarın qapazını eyni anda vura bilməyin əminliyinə sahibləndik, bütün fors-majorları hesabladıq, mələk cildində olan tülkülərin potensial həmlələrindən sığortalandıq, başı torpağın altında olan dəvəquşuların "torpaqaltı” USM-lərini çıxardıq, hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçdik.
Ona görə də, cənab Emmanuel! (niyəsə düşünürəm, belə səsləniş daha maraqlıdır, bəzi nostalji filmlərin timsalında) Çox da şey eləmə. Həqiqətən alınmayacaq!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər 732 dəfə oxunub.