"Prezident Emmanuel Makronun Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi səfir Bris Rokfey bu həftənin sonunadək Bakıya, oradan isə İrəvana gedəcək”.
Bu barədə Fransa XİN-dən bildirilib. Məlumatda o da bildirilir ki, Rokfeylə yanaşı, Fransa prezidentinin diplomatik müşaviri İzabel Düpo da milli nümayəndə heyəti statusunda bölgəyə səfər edəcək.
Qeyd edək ki, az öncə Rusiya və ABŞ emissarları (xüsusi elçilər İqor Xovayev və Filip Riker) da ayrı-ayrılıqda Bakıya səfərlər etmişdilər. Ancaq hələ ki, ortada nəticə yoxdur, Ermənistanı konstruktiv sülh danışıqlarına məcbur etmək mümkün olmur. O zaman fransalı elçinin səfəri nəyi dəyişəcək? Yoxsa prosesi ləngidən elə vasitəçi bolluğudur?
Onu da qeyd edək ki, erməni tərəfi fransız diplomatın səfəri ilə bağlı da ənənəvi təhrifə və yalana yol verib. Belə ki, o, Riker də Xovayev kimi xüsusi elçi qismində deyil, ATƏT-in Minsk Qrupunun fransalı həmsədri kimi təqdim edilib. Halbuki Rokfey həmsədr deyil. Həmsədr olsaydı, Fransa XİN-i bunu vurğulayardı. ABŞ nümayəndəsi Filip Riker isə bu yaxınlarda yeni amerikalı həmsədr təyin edilsə də, eyni zamanda Cənubi Qafqaz üzrə xüsusi nümayəndədir. İkinci yandan Azərbaycan onları məhz xüsusi nümayəndə olaraq qəbul edir, həmsədr qismində yox!
Yeri gəlmişkən, diplomatik mənbələr bildirir ki, Rokfeyin səfərinin Minsk Qrupunun fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Fransa tərəfinin səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi sənəddə də "Minsk Qrupu” ifadəsi yer almayıb. Bu onu göstərir ki, rəsmi Paris Bakının diplomatları bu statusda qəbul etməyəcəyini yaxşı anlayır və yeni reallığı qəbul etmək məcburiyyətindədir.
Əlbəttə ki, İrəvanın bu cür yalanları Minsk Qrupunun hələ də yaşadığı, "Dağlıq Qarabağ konflikti”nin çözülmədiyi görüntüsünü saxlamağa hesablanıb. Ancaq bunlar əbəs cəhdlərdir.
Onu da qeyd edək ki, artıq Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidentinin diplomatik müşaviri İzabel Düponu qəbul edib. Görüşdə Fransa Prezidenti Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında son dövrlərdə telefon danışıqları əsnasında aparılmış müzakirələr və konstruktiv dialoq qeyd olunub. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İlham Əliyev Azərbaycanın üzləşdiyi mina problemi və Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 4000 nəfərə yaxın Azərbaycan vətəndaşının itkin düşmüş hesab edildiyini vurğulayıb. Bu məsələlərin həllinin vacibliyi qeyd edilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Əlavə edək ki, xüsusi nümayəndə Rokfeyin səfər marşrutu da İrəvandan deyil, Bakıdan başlayacaq. Sonra İrəvana və Tiflisə gedəcək.
AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi ekspert Kamran Məmmədli diktə edən tərəfin Azərbaycan olduğuna işarə etdi: "ABŞ nümayəndələrinin bölgəyə son səfərlərindən sonra düşünmürəm ki, Bris Rokfeyin səfəri hansısa ciddi siyasi dəyişikliklərə səbəb olacaq. Xatırlatmaq istərdim ki, bu səfər il ərzində Bris Rokfeyin Azərbaycana artıq ikinci səfəridir. Bundan öncə may ayında Bris Rokfey İlham Əliyevlə görüşmüş və onunla bölgədəki sülh prosesini müzakirə etməsinə baxmayaraq hansısa ciddi dəyişikliklərə nail ola bilməyib. Fikrimcə, bu səfərində əsas mövzusu yenə Azərbaycan və Ermənistan arasında Qərbin maraqlarını təmin edəcək sülhün imzalanması və ən əsası Rusiyanın bölgədəki siyasi proseslərdən kənarlaşdırılması ətrafında olacaq.
Ancaq Azərbaycan Qərbin bu formada hər istəklərinə ciddi yanaşmamalı, Azərbaycanın dövlət maraqlarına uyğun olaraq balanslı siyasətini davam etdirməlidir. Azərbaycan tərəfi Fransanın ikinci Qarabağ savaşında qərəzli mövqe tutmasını və beynəlxalq hüquqa zidd açıqlamalar verməsini və hələ də bu açıqlamaları günümüzə qədər davam etdirməsini Rokfeyə bir daha xatırlatmalı, Fransanı bu məsələlərdə ədalətli mövqe tutmasına dəvət etməlidir. Çünki bunlar baş vermədikcə, Azərbaycan və Fransa arasında hər hansısa ciddi razılığın əldə edilməsi qeyri-mümkün görünür. Düşünürəm ki, bu görüş Azərbaycanın diktəsi altında keçməli və daha çox tələb edən biz olmalıyıq. Bris Rokfeyə eyni zamanda 1918-ci il Paris Sülh konfransında təsdiq və çap edilmiş, Zəngəzurun bizim qədim torpaqlarımız olmasını əks etdirən həmin Azərbaycan xəritəsi xatırladılmalı (və ya göstərilməli və ya hədiyyə edilməli) ki, bundan sonrakı İrəvan səfərində Paşinyana nə deyəcəkləri və Azərbaycanın bu məsələdəki mövqeyi hamıya aydın olsun".
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı xalqımızın Fransanı yaxşı xatırladığını bildirdi: "Fransa dövləti 30 ildir Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun 3 dövlətindən biri kimi fəaliyyət göstərir. Bu 30 ildə Fransa nəyə nail oldu ki? Hər 3 dövlət, ABŞ, Rusiya və Fransa ermənilərin maraqlarından çıxış etdi. Fransanın vasitəçiliyindən ədalət gözləmək doğru deyil. Azərbaycan xalqı da Fransanı qatı ermənipərəst ölkə kimi tanıyır. Uzun illər torpaqlarımız işğal altında qaldı, bir milyon vətəndaşımız evindən didərgin düşdü, bu insanların taleyinə Fransa dövləti biganə qaldı. Beynəlxalq hüquq Azərbaycan tərəfində ola-ola yenə Ermənistanı müdafiə etdilər. Rusiya Ukraynanın ərazisini işğal edir və onu təcavüzkar adlandırırlar. Ancaq Ermənistan Azərbaycanın torpağını işğal edir, bizə deyirlər gedin danışıqlar yolu ilə həll edin. Bax, budur, bunların riyakarlığı.
İndi də Cənubi Qafqaz üzrə xüsusi səfirin hər iki ölkəyə gəlməsindən böyük gözləntim yoxdur. Fransa Ermənistanı başa salmalıdır ki, Azərbaycandan torpaq iddiasından əl çəkməlisən, sərhədlərin delimitasiyasına getməlisən, Azərbaycanın ərazi bütövlüyünü tanımalısan və sülh şəraitində yaşamalısan. Normal qonşuluq və ikitərəfli əlaqələr bu zaman yarana bilər. Əks halda, Azərbaycanın "dəmir yumruğu” hər zaman başınız üstündə olacaq.
Bizim partiya uzun illərdi təklif edirdi ki, danışıqları erməniləri Qafqazda yerləşdirən Rusiya ilə aparmalıyıq. Bilməliyik ki, Rusiyanın tələbi nədir. Bugünkü vəziyyətdə Rusiyanın razılığı olmadan sülh sazişinin baş tutmasına az inanıram. Ermənistan rəhbərliyi arzulasa belə, mümkün deyil. Dəqiq bildiyimiz odur ki, ABŞ, Fransa 44 günlük Vətən müharibəsindən sonra çalışır ki, Qarabağ münaqişəsinin hələ bitmədiyini və beynəlxalq təşkilatların bundan sonra da fəaliyyət göstərəcəyini təmin etsinlər. Bütün bunları Ermənistanın xeyri üçün edirlər. Qarabağda ermənilərə status verdirmək istəyirlər. Bu da qeyri mümkündür. Fransa öz ərazisində yüz minlərlə yaşayan erməniyə status verər? Və ya ABŞ öz dövlətində erməniyə xüsusi status verər? Heç vaxt verməzlər. Azərbaycan da verməyəcək. Azərbaycanın ərazisində yaşayan bütün xalqlar eyni hüquqa malikdirlər. Ermənilər digər etnik xalqlardan artıq deyillər. Hamısı bərabərdir. Boş yerə Fransa ilə ABŞ özünü yormasın".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd etdi ki, hazırda Cənubi Qafqazda Kremllə Qərb arasında mübarizə gedir: "Bu mübarizə özünü daha çox Ermənistana təzyiqlərdə göstərir. Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə demişdi ki, biz müttəfiqlərimizin vəd verdiyi silah yardımını almırıq. O, konkret ad çəkməmişdi.
Fikrimcə, hökumət başçısı bununla siyasi manevr etmişdi. Həmin bəyanatı dərindən təhlil etsək, görərik ki, İrəvan, doğrudan da, Qərblə Kremlin arasında qalıb. İndi Ermənistana üçüncü tərəflərin dəstəyi lazımdır. Kim daha çox yardım etsə, Paşinyan da həmin istiqamətə meyillənəcək.
Xüsusi nümayəndələrin səfərinə gəldiksə isə bildirməliyəm ki, bunun hansısa faydasının olacağını düşünmürəm. Nə ABŞ, nə də Fransa Cənubi Qafqazdakı sabitlikdə maraqlı deyil. Eyni ilə Rusiya kimi. Bu dövlətlərin hər üçünü düşündürən regional maraqlarıdır. Biz bunu otuz il ərzində, ATƏT-in Minsk Qrupunun fəaliyyəti dövründə gördük. Rusiya, ABŞ və Fransa nümayəndələrinin səfərləri faktiki olaraq turistik səfərlərdən fərqlənmirdi. İndi də belədir. Sadəcə, fərq ondan ibarətdir ki, bu dəfə Moskva, Vaşinqton və Paris vahid qurumun tərkibində deyillər. Rusiya digər iki dövlətlə - Fransa və ABŞ-la mübarizə aparır. Bu isə yeni imkanlar yaradır.
Başqa sözlə, üçüncü tərəflərin rəqabəti Azərbaycanın regionla bağlı siyasətini uğurla həyata keçirmək üçün əlverişli imkan yarada bilər. Əlbəttə, biz bu imkanlardan istifadə etməliyik. Bu mənada sözügedən səfərlərə etiraz etmək doğru olmaz. Bu, Ermənistanın "Azərbaycan danışıqlarda maraqlı deyil” iddiası üçün əsas ola bilər. Bundan əlavə, sözügedən səfərlər Minsk Qrupunu dirçəltmək cəhdi də ola bilər. Biz heç bir formata etiraz etmirik. Amma tarix Minsk Qrupunun səmərəsizliyini bir dəfə isbat edib. Biz vaxt itirə bilmərik. Düşünürəm ki, üçüncü tərəflərin proseslərdə iştirakı ən yaxşı Azərbaycanın regional siyasətini həyata keçirmək üçün əlverişli şərait yarada bilər. Amma fikrimcə, Ermənistanla yekun sülh müqaviləsi ikitərəfli formatda, Qərb və Rusiyanın iştirakı olmadan imzalanacaq. Ya da gərək Qərb və ya Kreml reallıqla tam barışsın, provokativ məqsədlərindən əl çəksin".
Xəbər 356 dəfə oxunub.