Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev Makedoniyada iyunun 5-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Millət vəkili mövzu ilə bağlı 7news.az-ın bir sıra suallarını cavablandırıb:
- Siz Kopenhagendən verilən məlumata görə ATƏT PA-nın Makedoniyada iyunun 5-də keçiriləcək parlament seçkilərində seçki müşahidə missiyasının rəhbəri təyin olunmusunuz. İlk dəfə ölkəmizə göstərilən bu etimadı necə dəyərləndirirsiniz? Müşahidə korpusu və seçkilər haqqında nə demək olar?
- Əlbəttə, ATƏT PA-nın Makedoniya kimi mürəkkəb siyasi duruma malik bir ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək müşahidə missiyasına rəhbərlik etmək kimi mühüm vəzifəni mənə həvalə etməsi hər şeydən öncə Azərbaycana göstərilən böyük etimatdır. Bu eyni zamanda Azərbaycanla ATƏT PA arasında son zamanlar yaranan isti əməkdaşlıq münasibətlərinin müsbət göstəricisidir.
Mənim üçün böyük şərəfdir ki, məhz ATƏT PA-nın bu seçkiləri müşahidə edəcək nümayəndə heyətinə rəhbərlik mənə etibar edilib. Çalışacam ki, bu missiyanı lazımınca, Azərbaycanın adına layiq olan bir formada yerinə yetirəm.
Müşahidə korpusu haqqında onu deyə bilərəm ki, Makedoniyadakı seçkilərə maraq həddən artıq böyükdür. Bu günə olan məlumata görə 30-dan çox ölkədən 65 nümayəndə müşahidə missiyasında iştirak etmək üçün qeydiyyatdan keçib. Səbəb də odur ki, uzun müddətdir ki, bu ölkədə seçkilər və bir sıra digər məsələlərlə bağlı siyasi partiyalar arasında ciddi fikir ayrılığı var və bu da siyasi böhrana gətirib çıxarıb.
Təəssüf ki, Makedoniyada siyasi stabillik hələ də bərpa olunmayıb və legitim parlament seçkilərinin keçirilməsi haqqında fərqli yanaşmalar mövcuddur. Bunun nəticəsidir ki, bu ilin aprelin 26-na təyin edilmiş növbədən kənar parlament seçkiləri təxirə salındı və iyunun 5-nə təyin edildi.
Əlbəttə mən Makedoniyanin daxili işinə qarışmaq istəməzdim, amma onu deməliyəm ki, Makedoniyada siyasi durum indi də ürək açan deyil. Hətta iyunun 5-ə təyin olunmuş seçkilər növbəti dəfə təxirə salına bilər. Ümumi şəkildə deyə bilərəm ki, hal-hazırda parlamentdə təmsil olunan 4 partiyanın 3-ü seçkilərdə iştirak etməkdən imtina edib. Böyük etimalla bu da seçkilərin iyunun 5-də baş tutmamasına səbəb olacaq və yeni seçki tarixi müəyyən ediləcək.
Bu gün və ya sabah bu məsələyə tam aydınlıq gətiriləcək.
-Niyə belə gərgin vəziyyətdə azərbaycanlı deputatı seçki müşahidə missiyasına rəhbər təyin ediblər? Bu bir təsadüfdür? Yoxsa...
- Məncə burada qeyri-adi nəsə axtarmağa dəyməz. Əksinə təcrübə əldə etmək baxımından bu cür mürəkkəb situasiyalrda işləmək və məsuliyyət daşımaq daha maraqlı və faydalıdır.
Aktual.az