Fəaliyyətinə xitam verilmiş MTN-nin rəhbərliyində formalaşmış mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərinin quldurluq, talançılıq, şantaj və reket yoluyla böyük sərvət cəmlədikləri çoxdan təsbit olunmuş həqiqətdir.
Hazırda həmin qruplaşmanın bir çox üzvləri, o cümlədən generallardan bir neçəsi həbsdədir və məhkəməyə çıxarılacaqları günü gözləyir. Keçmiş nazir Eldar Mahmudov da daxil olmaqla bir çoxları isə azadlıqdadır, yaxud faktiki ev dustağı kimi saxlanılmaqla cinayət məsuliyyətinə cəlb olunmayıblar.
Bəs, Mahmudov və qruplaşmasının üzvlərinin taladıqları sərvətin axırı necə olacaq? Vəzifələrindən istifadə edərək əllərində böyük kapital cəmləmiş qanqsterlərin çoxsaylı mülkləri, kommersiya təyinatlı daşınmaz əmlakları, biznes obyektləri və s. üzərində mülkiyyət hüququnu onların əlindən almağın hansı yolları var?
Virtualaz.org qeyd edir ki, hazırda Bakının Patamdar qəsəbəsində Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinə məxsus nəhəng malikanələrin qapısı qıfıllıdır. Eləcə də paqonlu qanqsterlərin Bakının digər yerlərində və rayonlarda yerləşən mülkləri boş qalıb. Hüquqi baxımdan Çovdarovun və çoxsaylı ağır cinayət ittihamları ilə hazırda həbsdə olan digər MTN mənsublarının əmlakı ancaq məhkəmə qərarı ilə müsadirə oluna bilər. Bir şərtlə ki, məhkəmə onların barəsində çıxardığı qərarlarda “əmlakı müsadirə olunmaqla” qeydini göstərsin.
Lakin belə qərar da hələ qanqsterlərin əmlakını müsadirə etmək üçün bəs etməyə bilər. Çünki onlar (digər yüksək vəzifəli məmurlar kimi) əmlaklarını, mülklərini çoxdan başqa yaxınlarının , yaxud offşor şirkətlərin adlarına qeydiyyatdan keçiriblər. Beləliklə, məhkəmə “əmlakı müsadirə olunmaqla” qeydi ilə onların barəsində uzunmüddətli həbs qərarları versə belə MTN qanqsterləri yenə də öz mülklərini, obyektlərini müsadirə olunmaqdan qoruya bilərlər.
Digər tərəfdən onların iri həcmdə kapital üzərində nəzarətini saxlaması da risklidir Deməli MTN qanqsterlərinin talançılıq yoluyla topladığı sərvəti onların əlindən almaq üçün başqa mexanizmlər işə düşə bilər. Yaxın keçmişin təcrübəsindən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və digərlərinin aktivlərinin əllərindən necə alındığı məlumdur. (Hərçənd ki, hamısını deyil) Belə görünür ki, bu dəfə də MTN qanqsterlərinə münasibətdə vurulmuş korrupsioner məmurların tam neytrallaşdırılmasının məlum mexanizmi işə salınacaq, yaxud artıq salınıb.
Bakının
daşınmaz əmlak alqı-satqısı biznesindəki mənbələr deyirlər ki, yüksək rütbəli MTN mənsublarına məxsus bəzi mülklərin satışının təşkil edilməsi üçün onlara şifahi təkliflər daxil olub. Lakin məlum səbəblərdən bu mülklərin satışını təşkil etmək və həyata keçirmək mümkün deyil. İstintaq orqanları həmin mülklərin üzərində de-fakto həbs qoyub. Bəzilərinin isə qapılarını möhürləyib.
Şirkətlərə və iqtisadiyyatın subyektləri kimi fəaliyyət göstərən müəssisələrə gəldikdə isə onların bir çoxu fəaliyyətini dayandırıb. Məsələn, Eldar Mahmudovun oğlu Anar Mahmudov «Caspian Crystal» şirkətlər qrupunu idarə edirdi. Bu qrupa elit alkoqoldan tutmuş superkarların satışına, brend restoranlar şəbəkəsinə qədər bir çox sahələrdə fəaliyyət göstərən şirkətlər daxil idi. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan «Caspian Crystal» - «Beluga», «Salvador Dali», «Lord», «VIP», «Velluto» və «Crystal Shikhovo» kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.
Azərbaycanda «Range Rover», «Jaguar», «Maserati» avtomobillərinin və «Dicati» motosikletlərinin rəsmi distribütoru olan «Crystal Motors» şirkəti də «Caspian Crystal» holdinqə bağlıdır. Şirkətin aktivləri sırasında Bakının mərkəzindəki “Cyristal Plaza” biznes mərkəzi də var. Mətbuat yazmışdı ki, həmin biznes mərkəzində Eldar Mahmudovun özünün ayrıca kabineti də olub və nazir bir sıra mühüm görüşlərini həmin kabinetdə keçirirmiş.
Hazırda “Cyristal Plaza” biznes mərkəzi bağlıdır, Anar Mahmudov isə deyilənlərə görə xaricdədir, Londondadır. Onun holdinqi faktiki olaraq fəaliyyətini dayandırmış vəziyyətdədir. Aydındır ki, Eldar Mahmudovun oğlunun adına olan biznes imperiyası fəaliyyətini davam etdirə bilməz. Lakin həmin aktivlərin başqa əllərə keçməsi prosesinin başlayıb-başlamadığı məlum deyil. Bununla belə bu günlərdə mətbuatda xəbərlər yayıldı ki, E.Mahmudov özünə vəkil tutub.
Dərhal belə versiya irəli sürüldü ki, bu, keçmiş nazirin həbsinə hazırlıq getməsinin, yaxud onun artıq istintaqa cəlb edilməsinin əlamətidir. Virtualaz.org müəyyənləşdirib ki, E.Mahmudov doğrudan da vasitəçilərin köməyi ilə bəzi vəkillərlə məsləhətləşmələr aparır, onların hüquqi yardımından istifadə imkanlarını araşdırır. Lakin ola bilsin bu, həm də Mahmudovun öz mülklərini və sərvətini asanlıqla əldən vermək niyyətində olmadığının göstəricisidir...
//Aktual.az
Xəbər 3018 dəfə oxunub.