"Demokratiyada çarə tükənməz!”
“AFFA yanında Media Komitəsinin hər həftənin çərşənbə axşamı iclası olur. İclasın gündəliyində komitənin səlahiyyətləri daxilində olan müxtəlif məsələlər müzakirə olunur. Çalışırıq ki, müzakirə etdiyimiz məsələlər haqda konkret qənaətə gələk və bütün hallarda obyektivlik qorunsun”.
Aktual.az SİA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında AFFA yanında Media Komitəsinin sədri, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib.
O, komitənin dünənki iclası haqqında da məlumat verib: “Dünənki iclasda komitənin elan edəcəyi müsabiqənin istiqamətləri (layihələr-red.), layihələrin qəbulu zamanı vacib olan sənədlərin siyahısı, komitəyə üzvlüyə qəbulun gedişatı, əsasnamə ilə bağlı mübahisə doğuran məqamlar müzakirə olundu. İclas yetərincə məhsuldar keçdi”.
M. Rüstəmli bildirib ki, komitəyə üzvlük üçün müraciət vaxtı aprelin 4-də sona çatacaq. Onun sözlərinə görə, daha sonra quruma üzv media orqanları arasında müsabiqə elan ediləcək: “Komitəyə üzv KİV-ləri bir araya gətirib, layihələrlə bağlı bütün sualları cavablandıracağıq. Müsabiqənin şərtləri haqqında ətrafı məlumat veriləcək və bütün məqamlarda şəffaflıq qorunacaq”.
Qurum rəhbəri qeyd edib ki, AFFA yanında Media Komitəsi yeni yaradıldığına görə, müxtəlif fikirlərin səslənməsini təbii qarşılayır: “Sədr olaraq bu haqda kiməsə cavab vermək, diskussiyaya girmək niyyətində deyiləm. Yalnız işimizlə Azərbaycanın idman jurnalistikasındakı mövcud arzuolunmaz durumu dəyişməyə, ab-havanı yaxşılaşdırmağa, peşəkarların layiq olduğu qiyməti almasına çalışacağıq. Bunu bacarsaq, özümüzü çox xoşbəxt sayarıq. Bacarmasaq, növbəti seçkidə yerimizi başqaları tutacaq. Necə deyərlər, demokratiyada çarə tükənməz!”.