Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Aktual.az-ın apa-ya istinadən məlumatına görə, bundan sonra bu qaydalar Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına da şamil ediləcək.
Qaydaya edilən digər dəyişikliyə əsasən ali təhsil müəssisələrində və elmi təşkilatlarda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün ərizə verə bilməzlər.
Magistraturaya ərizələrin qəbul edilməsi qaydası da dəyişib. İndiyə qədər bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı idilər. Eyni zamanda TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu komissiyalarına Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, bakalavr və ya digər ali təhsil haqqında diplomu və ona əlavəni (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)), Azərbaycanın ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı, Azərbaycan ali təhsil müəssisələrinin cari il məzunları həmin ali təhsil müəssisəsi tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı, magistraturada təhsil almış şəxslər magistraturada təhsillərinin dövlət hesabına və ya ödənişli əsaslarla olması haqqında ali təhsil müəssisəsi tərəfindən verilən arayışın əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməli idilər.
Dəyişikliyə əsasən isə bundan sonra ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar internet vasitəsilə TQDK-nın rəsmi saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiq etməlidirlər. Digər bakalavrlar ərizələrini aşağıdakı sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər:
- Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Bakalavr və ya digər ali təhsil haqqında diplomu və ona əlavəni (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)).
Qərara əsasən magistraturaya qəbul zamanı müsabiqənin keçirilməsi qaydası da dəyişib. İndiyə qədər müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün ixtisas üzrə testdən (yazı işindən) toplanılan bal, bakalavriat səviyyəsi üzrə orta qiymət balı, ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal, xarici dil üzrə testdən toplanılan bal göstəriciləri ardıcıllıqla nəzərə alınıb. Dəyişikliyə əsasən isə bundan sonra müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi, ixtisas üzrə testdən (yazı işindən) toplanılan bal, ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal və xarici dil üzrə testdən toplanılan bal göstəriciləri ardıcıllıqla nəzərə alınacaq.
Qüvvədə olan qaydaya əsasən təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olunduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Dəyişikliyə əsasən isə bundan sonra bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.
Aktual.az