Bu yaxınlarda bir ad günü məclisində idim. Dostum oğlunun 7 yaşını qeyd edirdi. Bizi də çağırmışdı. Ailəvi. Baxmayaraq ki, məclis əsasən balacalar üçün nəzərdə tutulmuşdu...
Əlqərəz, saat artıq 9 –dur və... uşaqların ən sevimli personajı - kloun gəlib. Özü də nə gəlib: səsli –küylü, qıvraq, əyləncəli halı ilə. Adamın başına dolanan kim, hədiyyə istəyən kim, şeir deyən kim, mahnı oxuyan kim...Amma bir müddətdən sonra baxdım ki uşaqların bəzisi əməllicə üz alıb, hətta oğlanların ikisi klouna arxadan təpik vurur. O da ha çalışır vəziyyətdən çıxsın, həmin təpiklərdən yayınsın, mövzunu zarafata fırlasın, bu tərbiyəsiz gədələrin başını qatsın, fəqət nə illah edirsə, alınmır ki, alınmır. Bu mənzərəni kənardan qeyri-adi könül rahatlığı ilə izləyən boynuyoğun valideynlər isə elə yoğun boyunlarına da uyğun reaksiya sərgiləyirdilər. Heyrətamiz bir şəkildə! Allahıma and olsun, sona qədər ağızlarına su alıb oturdular. Tükləri belə tərpənmədi, hələ qalsın qışqırmaq, ya da göz ağartmaq.
Nə isə, klounun proqramı bitdi. Daha dəqiqi, adam məclisi birtəhər yola verdi və sanki bayaqdan bu anı gözləyirmiş kimi tələsik soyunub - geyinmə otağına qaçdı. Ardınca getdim. Qapının kandarında durdum. Görmədi məni. Əvvəlcə burunluğu, daha sonra parikini çıxardı. Rəngi qap-qara idi. Sifəti tərdənmi, əsəbdənmi bilmirəm – amma avazımışdı. Və...bir baxdım sakit - sakit ağlayır. Dilinin altında astadan nəsə pıçıldayaraq. Qapının cırıltısı olmasa güman ki, hələ bir xeyli həmin vəziyyətdə də qalacaq və gəlişimi sezməyəcəkdi.
- Müəllim, pul çatıb (çaşqın halda ilk dediyi bu oldu).
- Pula görə gəlməmişəm, əzizim. Sadəcə o nadinc uşaqların əvəzinə üzrxahlıq etmək istədim.
- Biz bu həyatı hər gün yaşayırıq, narahat olmayın.
- Yaşa, bir şey demirəm və hər gününə də qarışmıram. Bu sadəcə indinin üzrüdür.
...Həmsöhbətimə gələn telefon zəngi dialoqu yarıdaca qırır. Qızıdır. Nəsə deyir. Mənsə sadəcə atanın verdiyi cavabı eşidirəm: “Ağıllı balam, papa çox uzaqdadı. 2 gecə də mamanı qucaqla yat, günləri say, gələcəm. Aha, alacam. Əlbəttə, alacam. Söz. Sən istəyən oyuncağı alacam. Papa canı, alacam”
Və... mən bir azdan biləcəkdim ki, Aqil övladına söz verdiyi bahalı oyuncağı ala bilməməsi səbəbindən 2 gündür evə gecə 12-dən sonra gedirmiş. O pulu düzəldənə, sözünü tutana qədər qızı ilə göz-gözə gəlmək istəmirmiş.
***
Bir anlıq öz yaxın keçmişimi xatırladım: qızım Fidanın 4 yaşı hələ tamam olmamışdı. Yeni il axşamı məndən kukla istədi. Əlimi cibimə atdım. Çörək və kolaya çatacaq qədər pul vardı üstümdə. Bilmədim nə deyim. Bir anlıq stupor vəziyyəti aldım. Və qəfildən dilə gəldim: “Qızım, bu bayramda hədiyyələri Şaxta baba gətirir. Sən də il boyunca nadinc olmusan, mamanın, papanın sözünə baxmamısan deyə Şaxta baba küsüb bizdən. Deyir, Fidan nə vaxt ağıllı olar, hədiyyəsini də o vaxt gətirərəm”
Uşaq sakitcə otağına çəkildi. Ardınca getdim. Hiss etdirmədən. Gördüm xısın-xısın ağlayır. O körpəcik, balaca əllərini də havaya qaldırıb deyir: “Allah baba, noolar, qışqır Şaxta babanın üstünə. Ona de ki, mən nadinc deyiləm. Mamanın da, papanın da sözünə baxıram. O kiminləsə səhv salıb məni...”
***
İncitməyin kasıbları, məsumları, çarəsizləri. Lütfən! Onlara dəyən onsuz da dəyib. Zatən tüpürüblər həyata. Bir də olan-qalan tüpürcəklərini ağızlarında qurutmayın.
Kasıbın, məzlumun balasından iyrəndiyiniz an varlının itini öpüb – yalamağı belə öz “qüdrət” və vicdanınızın öhdəsinə buraxın. Hətta uyğunsa, gərəksə, məqbulsa - uğur olsun. Özünüz bilərsiz. Bu mövzuda da azadsınız. Amma neynirsiniz edin, bircə 5 manat pul verdiyinizə həmin pulu 5 min dəfə qusdurmayın. Vallah ki, belə şeylərin bədəli çox ağır olur.
Bu gün küçədə süpürgəçi ilə məzələnən, ofisiant söyən, avtoşluq edən, fəhlə döyən gədələr var ha... Bax onların hamısı uşaqlıqda kloun təpikləyənlərdir. Xəbəriniz olsun. Körpəlikdən valideyn tərbiyəsinə qısır qaldıqlarına görə bu gündədirlər, onlara ən adi hisslər zamanında aşılanmayıb deyə bir ömür boyunca zombi kimi yaşamağa məhkum qalıblar.
Cəzasını isə cəmiyyət çəkir...