Azərbaycana gömrükçüləri Gürcüstan Respublikasından gətirilən külli miqdarda yayım fişəngləri, pirotexniki və tez alışan malların realizə olunmasının qarşısı alınıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif növ, külli miqdarda yayım fişənglərinin, pirotexnik və tez alışan malların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilərək qanunsuz satılması barədə əməliyyat məlumatı daxil olub. Daxil olan məlumat əsasında gömrükçülər Bakı şəhəri Xəzər rayon Qala qəsəbəsi Xaşa-Xuna bağları adlanan ərazisində Azərbaycan Respublikasının vətəndaşları Əkbərov Sofiq Əfsər oğlu və Xamıyev Şirvan Əliheydər oğlu tərəfindən sonuncunun idarə etdiyi "Opel Zafira" markalı 99 GT 594 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənən və ərazidəki ünvansız tikilidən ümumilikdə 15 ədəd karton qutulardan 22 adda 7800 ədəd pirotexniki vasitələr aşkar ediblər.
Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əməkdaşlarının Bakı Beynəlxalq Avtovağzalının ərazisində keçirdiyi digər bir əməliyyatda da Azərbaycan Respublikasının vətəndaşı Əkbərov Asim Şükür oğlunun idarə etdiyi "Opel Astra" markalı 99 DZ 244 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerindəki malları Azərbaycan Respublikası vətəndaşı Nadirli Asim Həbib oğluna satmaq istəyərkən saxlanılıb.
Baxış zamanı avtomobildən və Nadirli Asim Həbib oğlunun ticarət mərkəzlərindən birində icarəyə götürdüyü anbardan aşkar edilən 16 ədəd karton qutu, 3 ədəd sellofan və 1 ədəd ağ rəngli kisədən 31 adda 15 269 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.