Ölkəyə gələn şəxslərdən “donuz qripi“ ilə bağlı qan nümunələri götürüldü

Ölkəyə gələn şəxslərdən “donuz qripi“ ilə bağlı qan nümunələri götürüldü

"Azərbaycanda bu günə qədər heç bir təhlükəli qrip virusu aşkar edilməyib. Sırf soyuqdəymələr müşahidə olunur və bir çoxları bunu səhvən qrip sayır".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu  Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip Laboratoriyasının müdiri Almaz Əsədova deyib.


Onun sözlərinə görə, hər il yayılan virusların növü dəyişir: "Lakin hazırda ölkədə heç bir təhlükəli virus aşkarlanmayıb. Sadəcə mövsümə uyğun olaraq, soyuqdəymələrin sayında ənənəvi şəkildə artım olur. Çünki qriplərin törədiciləri olduğu halda, bu göstərici soyuqdəymələrə şamil edilmir. Soyuqdəymələrdən də ən çox yaşlı nəsil və uşaqlar əziyyət çəkir. Buna səbəb onların xəstəliyə qarşı həssas olmalarıdır. Ona görə də bu mövsümdə insanların daha çox meyvə-tərəvəz və maye qəbul etmələri məsləhət görülür".

Xarici ölkələrdən Azərbaycana gələn insanların "donuz qripi" virusu gətirməsinin qarşısını almaq istiqamətində bütün hazırlıq işlərinin tam şəkildə həyata keçirildiyini deyən A.Əsədova əlavə edib ki, bununla bağlı nəzarət qrupları yaradılıb: "Avtovağzal, hava limanı və bir sıra yerlərdə həkim briqadalarımız var. Bununla yanaşı, xəstəxanalarda xüsusi palatalar ayrılıb. Bir sözlə, yayılması ehtimal olunan hər hansı bir qripin qarşısını almaq üçün tam hazır vəziyyətdəyik".
O qeyd edib ki, təhlükəsinə görə hazırda xaricdən gələn insanlar gömrük keçid məntəqələrində ciddi yoxlamalardan sonra Azərbaycana buraxılırlar: ""Donuz qripi" və başqa viruslara yoluxduğu şübhə doğuran insanların hamsından qan nümunələri götürülür və nəticə bəlli olduqdan sonra onlar ölkəyə buraxılır".

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev isə bildirib ki, bu ilin yanvar ayında stansiyaya mövsümi qriplə əlaqədar təxminən 300-ə yaxın yaxma nümunəsi daxil olub, lakin onların heç birində təhlükəli virus aşkar edilməyib.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə hazırda ölkədə həm qripə yoluxma halları, həm də epidemioloji baxımdan narahatedici vəziyyətin olmadığını bildirib.

Qeyd edək ki, Azərbaycanla həmsərhəd olan İran, Türkiyə, hətta Ermənistanda da "donuz qripi"nə yoluxma halları var. Belə ki, Türkiyədə 10-dan çox, İranda 33, Ermənistanda isə 10 nəfər dünyasını dəyişib.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR