İlin birinci yarısında 63 kq-a yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu iyulun 8-də nazirlikdə 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.
O, transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqətin qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəldiyini nəzərə çatdırıb: "Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb".
V.Eyvazov əlavə edib ki, həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.