Ölkəmizin təhlükəsizliyinə yönələn hər bir addımın qarşısı qətiyyətlə alınacaq

Ölkəmizin təhlükəsizliyinə yönələn hər bir addımın qarşısı qətiyyətlə alınacaq

Azərbaycanın dövlət siyasətinin əsas sütunlarından biri mehriban qonşuluq münasibətləri və digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət prinsipidir. Təsadüfi deyil ki, dünyada müxtəlif mədəni parçalanmaların, siyasi gərginliklərin və münaqişələrin artdığı bir dövrdə Azərbaycan daim sülhün, dialoqun və qarşılıqlı hörmətin tərəfdarı kimi çıxış edir. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağın vacibliyini dəfələrlə vurğulamışdır.
 
Azərbaycan dövləti bölgədə baş verən mürəkkəb proseslər fonunda hər zaman açıq və prinsipial siyasət yürütmüşdür. Rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan ərazisi heç bir halda başqa dövlətlərə qarşı istifadə edilə biləcək hərbi və ya siyasi plasdarma çevrilə bilməz. Sonrakı proseslər də sübut etdi ki, ölkəmiz verdiyi sözə sadiq qaldı və regionda sabitliyin qorunması üçün məsuliyyətli mövqe nümayiş etdirdi.

Amma bütün bunların fonunda İranın beynəlxalq hüququn prinsiplərini pozaraq Naxçıvanı hədəf götürməsi və mülki infrastruktura qarşı dron hücumu həyata keçirməsi terror və namərdlikdən başqa bir şey deyil. Belə addımlar təkcə Azərbaycana qarşı deyil, ümumilikdə regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır. İranın ölkəmizə qarşı düşmənçilik xarakterli fəaliyyəti yeni deyil. Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı törədilən terror hücumu, eləcə də İranın bəzi media resurslarında ölkəmizin hədəf alınması və qərəzli təbliğatın aparılması bunu açıq şəkildə göstərir. Bütün bunlar İran rejiminin Azərbaycana qarşı mənfi və düşmən mövqeyini ortaya qoyur. Son hadisələr də göstərdi ki, bu hücum molla rejiminin mənfur xislətini bir daha üzə çıxardı. Lakin onlar unudurlar ki, Azərbaycan güclü və qətiyyətli dövlətdir. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini qorumağa qadirdir və bu yolda hər zaman prinsipial mövqe nümayiş etdirir.

Bu iyrənc təxribatlar Azərbaycan xalqının iradəsini sarsıda bilməz və ölkəmizin təhlükəsizliyinə yönələn hər bir addımın qarşısı qətiyyətlə alınacaq. Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün bütün vasitələrə malikdir və buna qarşı yönələn hər hansı təhdidə layiqli cavab verməyə qadirdir! 

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

Xəbər 1018 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR