Ədalət Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Aktual.az həmin müsahibəni təqdim edir:
–Qüdrət bəy, ABŞ-da seçkilərə iki gün qaldı, namizədlərin şansların necə qiymətləndirirsiniz?
-ABŞ-da siyasi və mənəvi dəyərlərin dərin böhranı yaşanır. Həm yarıya parçalanmış xalq, həm siyasi elita öz tərəfdarının qalib gəlməsi üçün hər şeyə hazır görünür. Əhalinin yarısı 34 cinayət əməli üzrə təqsirli bilinmiş Trampı dəstəkləyir. Bir çox zəngin insanlar vətəndaş qarşıdurmasından ehtiyatlanaraq ölkəni tərk etməyə başlayıb. 1994-cü ildə Ukraynaya təzyiq edərək, həm də aldadaraq onun nüvə silahını əlindən alan ABŞ indi Ukraynanı tədrici məhv olma təhlükəsi ilə üz-üzə qoyub. Dünyada sürətlə nüfuzunu itirməyə başlamış ABŞ Qədim Roma imperiyasının süqutu dövrünü yaşayır. Ukraynanın kapitulyasiyasından sonra Çin Tayvanı zorla özünə birləşdirəcək. Bununla da ABŞ -nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq. Qoca Avropanın kiçik və satqın liderləri isə yeni imperatorların yanında özlərinə sığınacaqlar axtaracaqlar. Beləliklə, Qərb sivilizasiyasının sonu yaxınlaşacaq. Ona görə ABŞ-də kimin qalib gəlməsinin elə də əhəmiyyəti yoxdur. Həmin ölkədə ciddi siyasi islahatlar aparılmasa həm ABŞ vətəndaşları, həm də sivil dünya bundan çox əziyyət çəkəcək. Bizə münasibətə görə Trampın qalib gəlməsi daha məqsədəuyğundur. Onun ermənilərə yönələn reveransları erməni diasporunun, xristian həmrəyliyindən çıxış edən seçicilərin səsini almağa hesablanıb. Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik. Namizədlərin şansları demək olar ki, bərabərdi. Amma Harris vitse-prezident olduğundan onu şansı az da olsa yüksəkdir.
-Qüdrət bəy, COP 29-dan sonra çoxları ölkədə ciddi islahatlara gediləcəyini düşünür. Siz necə?
-Neft hasilatının azalması və qiymətinin aşağı düşməsi islahatları qaçılmaz edir. Ölkəmizin qarşısında çox ciddi, həllini gözləyən problemlər dayanır. Bunlar aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkə miqyasında su və kanalizasiya sistemlərinin yenidən qurulması, işsizliyi aradan qaldırmaq üçün sənayenin inkişaf etdirilməsi,neftayrma zavodunun Bakıdan kənara köçürülməsi, Bakıda metro tikintisi, Bakıətrafı kəndlərə metro, yaxud tramvay xətlərinin çəkilməsi və nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində işlərin sürətləndirilməsi, regionların inkişaf etdirilməsi, Qarabağın bərpası, mədəniyyətə, səhiyyəyə, elmə və təhsilə böyük məbləğdə vəsaitin ayrılması və s. bu kimi yüz milyardlarla manat vəsait tələb edən iri maliyyə tutumlu işlərdır. İqtisadi azadlıqları genişləndirmədən, Ümumdünya Ticarət Təşkilatına üzv olmadan, mülkiyyət toxunulmazlığını, sahibkarların aşağı faizli kreditlərə çıxışını təmin etmədən, iqtisadiyyatın əsas sahələrini özəlləşdirilmədən, ən azı xidmət sahələrini nüfuzlu xarici şirkətlərə uzun müddətə idarəetməyə vermədən, iqtisadiyyata böyük həcmdə xarici investisiya cəlb etmədən, dövlətin iqtisadiyyatda rolu tənzimləmə xarakteri almayana, real olaraq ciddi rəqabətin olduğu, proteksionizmin olmadığı azad bazar iqtisadiyyatına keçməyənə qədər bu işlərin öhdəsindən layiqincə gəlmək mümükün deyil. İslahatları uğurla həyata keçirmək üçün xalqın inandığı güclü lider, bacarıqlı kadrlar, müəyyən maliyyə ehtiyatının olması, siyasi sabitlik və əlverişli regional mühit lazımdır. Bunların hamısı demək olar ki, var. Sadəcə, qalır nə vaxt bu barədə siyasi qərar veriləcək.
Xəbər 1418 dəfə oxunub.