“Hesab edirəm ki, vətəndaşlar dərmanların qiymətinin ciddi şəkildə aşağı düşməsindən məmnundurlar. Dərman çatışmazlığı ilə məsələlər isə texniki məsələlərdir, zaman keçdikcə bunlar öz yoluna düşəcək”.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ölkədə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra bəzi adda olan preparatların satışda tapılmamasına münasibət bildirərkən deyib.
Baş nazirin müavini bununla bağlı onlara da siqnalların gəlib çatdığını deyib.
Hazırda bununla əlaqədar iş aparıldığını bildirən baş nazirin müavini qeyd edib ki, apardıqları araşdımalara görə, tərkibi baxımından deyil, ticari adı baxımından dərmanların tapılmamasından söhbət gedir:
“Eyni tərkibdə müxtəlif adlarda olan dərmanlar var. Tərkib və keyfiyyət etibari ilə bu dərmanlar eynidir. Amma onlar müxtəlif firmalar tərəfindən buraxıldığına görə adlarında fərqlər var. Vətəndaşlar yəqin ki, müəyyən adda olan dərmanlara alışıblar. Mən bunu başa düşürəm. Amma eyni tərkibdə olan digər dərmanlara ola bilsin ki, bir qədər ehtiyatla yanaşırlar”.
Ə.Əhmədov deyib ki, bu və ya digər xəstəliyi müaicə etmək üçün nəzərdə tutulmuş dərman preparatları müxtəlif adlarda olsa da, satışda var:
“Müəyyən bir müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər. Bundan sonra problem aradan qalxacaq”.