Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
"Azəravtoyol”dan Aktual.az-a verilən məlumata görə, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtük dağılıb və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7,2 km-dir. Layihəyə əsasən, yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilir və 10 m enində yeni torpaq yatağı inşa olunur. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisi, hazır hissələrə isə 2 qat olmaqla (7sm+5sm) yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə, 50 min m2 ərazinin asfaltlanması planlaşdırılır.
Layihəyə uyğun olaraq, yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Hər bir istiqamət üzrə 1,5 m enində çiyinlərin tikintisi işləri də aparılacaq. Hazırda yolun 1,6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarlarının inşası da aparılır.
Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri aparılıb.
Yolda tikinti işləri bitdikdən sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yol-göstərici və yol-cizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
7,2 km-lik Lökbatan-Qobu avtomobil yolunun tikintisi "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.
Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.
Aktual.az
Xəbər 462 dəfə oxunub.