Leyla Əliyeva "Bakı, mən səni sevirəm"in təqdimatında - FOTOLAR

Leyla Əliyeva

“Bakı, mən səni sevirəm”. İndi təqdim ediləcək ekran əsəri bu sevgidən yaranıb. Bu şəhəri sevməmək mümkün deyil. “Bakı, mən səni sevirəm” kinolayihəsinin reallaşmasında bizə dəstək verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Həmçinin Bakıya və bakılılara “çox sağ ol” deyirəm.


Aktual.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin oktyabrın 23-də Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində ekran əsərinin prodüserlərindən biri Yeqor Mixalkov-Konçalovskinin premyeradan əvvəl dediyi bu səmimi sözlər çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Azərbaycanda bir ildən çox çalışdığını deyən prodüser burada qədimliyin və müasirliyin mövcud olduğunu bildirib. Bu, bir tərəfdən qədim Bakı, digər tərəfdən müasir, gündən-günə inkişaf edən Bakıdır.

“Çəkilişlər zamanı işimdən böyük zövq aldım. Biz ilk çəkilişlərə başladığımız zaman Heydər Əliyev Mərkəzi hələ inşa edilirdi. Bu gün isə “Bakı, mən səni sevirəm”in ilk təqdimatının burada, gözəl bir məkanda, dahi Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur hissi duyuram”, - deyə kinolayihənin prodüseri vurğulayıb.

Filmin təqdimat mərasimində layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Təqdimatdan əvvəl Leyla Əliyeva layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanov ilə görüşüb, yaradıcı heyəti premyera münasibətilə təbrik edib.

Tamaşaçıların maraqla gözlədiyi təqdimat mərasimində əvvəlcə çəkiliş prosesini əks etdirən kadrlar nümayiş olundu.

Gecənin aparıcısı kinolayihə barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, indiyədək dünyada “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr həyata keçirilib. “Bakı, mən səni sevirəm” bu istiqamətdə çəkilmiş ekran əsərlərinin bir növ davamıdır.

Bildirildi ki, kinonovella “Mosfilm” kinokonsernində istehsal olunub. “Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılan doqquz dəqiqəlik qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Təsadüf”) ibarətdir. Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.

Vurğulandı ki, filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi isə 2012-ci il martın 12-dən başlayıb. Çəkilişlər 2 sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz və yay sessiyalarının hər birində 5 film çəkilib. Kinoalmanaxın çəkiliş heyəti 138 nəfərdən ibarət olub. Kütləvi səhnələr də nəzərə alınmaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb.

Sonra film təqdim olundu.

Doxsan gün ərzində ərsəyə gələn ekran əsərində Azərbaycanın Xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, Əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar rol alıb.
Böyük maraqla izlənilən ekran əsərlərinin hər biri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.

Filmin nümayişi başa çatdıqda və salonun işıqları yandıqda hamının nəzərləri yenidən səhnəyə, böyük monitora dikilmişdi. Sanki bütün baxışlardan bir daha oxunurdu ki, tariximizin yaddaş kitabəsi olan, şöhrəti əsrləri adlayan, təbii ehtiyatları ilə hər zaman dünyanın diqqət mərkəzində olan, bir millətin inam və güvənc yeri sayılan doğma Bakımız haqqında nə qədər filmlər çəkilsə də yenə azdır.

Nümayişdən sonra yaradıcı heyət səhnəyə dəvət olundu. Çıxış edənlər bildirdilər ki, belə bir layihədə iştirak etmək onlar üçün çox xoşdur. Yaradıcı heyətin üzvləri layihənin reallaşmasına verdiyi dəstəyə, bu bayramı onlara yaşatdığına görə Leyla Əliyevaya təşəkkürlərini bildirdilər.

Filmlə bağlı təəssüratlarını bölüşən Böyük Britaniya rejissoru Aleksander Fodor Bakıda olmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, bu layihə onun həyatında mühüm əhəmiyyət daşıyır: O dedi: “Bundan sonra da Bakıda böyük həvəslə film çəkərdim”.

Əminliklə demək olar ki, doğma paytaxtımızı, burada yaşayan insanların həyatını tərənnüm edən “Bakı, mən səni sevirəm” filmi dünyanın hər bir yerində bu ekran əsərinə baxan tamaşaçıda qədim və müasir şəhərimizi görmək istəyi oyadacaq və onu daha da sevdirəcək.

Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR