Leyla Əliyeva: "Azərbaycan tarixi xalqlar içərisində nümunədir" - FOTOSESSİYA

Leyla Əliyeva:

"AMOR təşkilatı Rusiyada doğulub, yarandığı gündən multikultural dialoq və millətlərarası əməkdaşlıq ideyalarına sadiqdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumunda çıxış edən təşkilatın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

"Bizim ölkədə tolerantlıq sonradan qazandığımız keyfiyyət deyil, xalqımızın təbii özəlliyidir. Bu gün Azərbaycan beynəlxalq forumların, turnirlərin və tədbirlərin keçirildiyi ölkəyə çevrilib".
L. Əliyeva AMOR-un Rusiyada yaşayan və çalışan Azərbaycan gəncliyini birləşdirdiyini, onların Rusiya cəmiyyətinə inteqrasiyası və müasir cəmiyyətin üzvü olmağa kömək etdiyini söyləyib: "Məhz buna görə bizim üçün qarşılıqlı mədəni əlaqələr bütün səviyyələrdə vacibdir. Bizim ölkənin tarixi xalqlar arasında bərabərhüquqlu dialoqa nümunədir. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşir. Biz Qərblə Şərq arasında yerləşirik və bu bizim tariximizə, mentalitetimizin formalaşmasına aydın təsir edib. Bizim ölkədə tolerantlıq sonradan qazandığımız keyfiyyət deyil, xalqımızın təbii özəlliyidir. Bu gün Azərbaycan beynəlxalq forumların, turnirlərin və tədbirlərin keçirildiyi ölkəyə çevrilib. Bu ilin yayında Bakıda baş tutan Birinci Avropa oyunları möhtəşəm keçdi. Payızda Azərbaycan paytaxtı Şahmat üzrə dünya çempionatını qəbul etdi. 2016-cı ildə isə Bakıda Şahmat Olimpiadası keçiriləcək. Gələn il Bakıda ilk dəfə "Formula 1" yarışı təşkil olunacaq. 2017-ci ildə isə Bakı İslam oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar dünyanın bizim ölkəyə inam və hörmətinin ən yaxşı sübutudur".

Rusiya-Azərbaycan münasibətlərindən danışan AMOR sədri bu münasibətlərin hər zaman dostluq və mehriban qonşuluq ruhunda olduğunu vurğulayıb: "Tarix göstərir ki, Azərbaycan və Rusiya arasında fərqlilikdən daha çox oxşarlıq var. Azərbaycan və Rusiya hər zaman çoxmillətli və çoxmədəniyyətli dövlətlər olub, belə də qalacaq. Bizim ölkələrdə bir çox dinlərinin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək mümkündür. Bu insanlar sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Biz bu təcrübəni bütün dünya ilə bölüşməyə hazırıq. Azərbaycan prezidenti İlham Əliyevin Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd etdiyi kimi, multikulturalizmə alternativ yoxdur. Biz hər zaman qonşuluq şəraitində yaşamışıq və yaşayacağıq. Bir-birimizin seçiminə hörmət etməyə borcluyuq".

"AMOR gəncləri yaşadığı, təhsil aldığı ölkənin tarixi və mədəni dəyərlərinə hörmət ruhunda tərbiyə edir".
L. Əliyeva Azərbaycanda rus dilinə göstərilən diqqətdən də danışıb: "25 illik müstəqilliyimiz tarixində Azərbaycanda rus dilli bir məktəb də bağlanmayıb. Ali məktəblərdə Azərbaycan dili ilə yanaşı, rus dilində də tədris aparılır. Azərbaycanda rus dilinin avtoritetinin yüksək olmasının göstəricisi Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və Seçenov adına Birinci Tibb Universitetinin filiallarının açılmasıdır. Bizim ölkələrin nə qədər yaxın olmasını AMOR-un bütün fəaliyyəti də təsdiq edir. Bizim gənclik hər zaman Rusiya ilə bizi birləşdirən ümumi dəyərləri qoruyub saxlamağa çalışır. AMOR gəncləri yaşadığı, təhsil aldığı ölkənin tarixi və mədəni dəyərlərinə hörmət ruhunda tərbiyə edir. Bu gün AMOR-un Rusiyanın 70-dən çox regionunda nümayəndəliyi fəaliyyət göstərir. AMOR-çular Rusiyada yaşamalarına baxmayaraq, heç vaxt milli köklərini, tarixlərini unutmurlar. Tarixin parlaq səhifələri olduğu kimi, qəmgin, faciəvi səhifələri də var. Erməni təcavüzkarları tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı AMOR-un təşəbbüsü ilə bütün dünyada "Xocalıya ədalət" aksiyası keçirilir. Bu il biz Qarabağ müharibəsinin ən faciəvi səhifəsinin 23-cü ildönümünü qeyd etdik. Biz Xocalı hadisələrinə dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsini tələb edirik. İnanırıq ki, ədalətin bərpa olunmasına nail olacağıq. Dünya Xocalı soyqırımını tanıyacaq. AMOR hər il Beynəlxalq uşaqların hüquqlarının müdafiəsi gününə həsr olunmuş xeyriyyə aksiyası da keçirir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram şənlikləri keçirilir, hədiyyələr paylanılır. AMOR təkcə uşaqlara kömək etmir. Hər il bizim təşkilatın təşəbbüsü ilə "Qanın milliyyəti yoxdur" aksiyası keçirilir".
Leyla Əliyeva AMOR-un fəaliyyətinin ümumilikdə maraqlı və uğurlu olduğunu qeyd edib: "Lakin biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik. Bizə daha da böyümək lazımdır. Qarşıda bizi uzun yol və çoxlu maraqlı layihələr, ideyalar gözləyir. Əminəm ki, biz birlikdə bütün problemlərin öhdəsindən gələ, ölkələrimiz və xalqlarımızın rifahı naminə daha çox şey edə bilərik".
Daha sonra Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov, Dövlət Dumasının deputatı Leonid Slutski, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi Polad Talıbov çıxış ediblər.

Forum çərçivəsində AMOR-un hesabat-seçki konfransı da keçirilib.

Forumda “Azərbaycan və yeni dövrün çağırışları”, “İDEA - bir bir torpaq, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclər karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında bölmələr təşkil olunub.

Forum Azərbaycan və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı ilə başa çatıb.

Xəbər 609 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR