Liviyanın keçmiş prezidenti Qəzzafinin oğlu Seyfülislam Qəzzafinin köməkçilərindən olan Məhəmməd İsmayıl Livandakı Əməl Hərəkatının qurucusu İmam Musa Sədrin Qəzzafi tərəfindən 1978-ci ildə öldürüldüyünü deyib.
Aktual.az faktxeber.com-a istinadən bildirir ki, "The New York Times"a danışan Məhəmməd İsmayıl Musa Sədrin Qəzzafi tərəfindən öldürüldüyünü, cəsədinin də dənizə atıldığını söyləyib.
Qeyd edək ki, Musa Sədr və iki yoldaşı Liviyaya səfər etdiyi zaman itiblər və onun yeri barədə heç bir məlumat yox idi.
Ötən illərdə Hüsnü Mübarəkin xatirələrinin 12-ci hissəsində İmam Musa Sədrin Müəmmər Qəzzafi ilə etdiyi mübahisənin sonunda öldürüldüyü deyilirdi. Mübarək həmçinin, "Musa Sədrə Qəzzafinin şəxsən özü işgəncə verdi və Sədr gördüyü 4 saatlıq işgəncədənin sonunda huşunu itirdi", - yazmışdı.
Livandakı Əməl Hərəkatı isə əldə etdikləri məlumatlara görə, Musa Sədrin hələ də sağ olduğunu və Liviyada bir həbsxanada olduğunu söyləyir.
Musa Sədr livanlı şiə din alimi və siyasətçisi idi. O, Livan vətəndaş müharibəsində Əməl ordusunun komandanlarından olub. Musa Sədr 1978-ci ildə Müəmmar Qəzzafinin dəvəti ilə Liviyaya gedib, ancaq daha sonra ondan heç bir xəbər alınmayıb.